Xəbərlər
Qlobal çağırışlar fonunda Azərbaycanın enerji strategiyası
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Azərbaycan ilə Çexiya arasında münasibətlər son illərdə qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında daha da möhkəmlənməkdədir. Azərbaycan və Çexiya Respublikası arasındakı diplomatik əlaqələr 1993-cü ildə qurulsa da, münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması 2015-ci ildə imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə başlamışdır. Bu sənəd Çexiyanın Azərbaycanı Cənubi Qafqazda özünün əsas tərəfdaşı kimi tanımasının hüquqi təsdiqi idi.
Azərbaycan ilə Çexiya arasında münasibətlər çoxşaxəli və perspektivli xarakter daşıyır. Siyasi sabitlik, iqtisadi qarşılıqlı maraqlar və humanitar əlaqələrin inkişafı bu əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaradır. Hər iki ölkə gələcəkdə də əlaqələrin genişləndirilməsində maraqlıdır və bu münasibətlər Avropa–Qafqaz əməkdaşlığının mühüm tərkib hissəsi kimi qiymətləndirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyini və əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirir.Dövlətimizin başçısı bildirib ki, tərəflər arasında ilk görüş olmasına baxmayaraq, danışıqlar son dərəcə məhsuldar keçmiş, həm ikitərəfli, həm regional, həm də qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır. Prezident İlham Əliyev vurğulayıb ki, hazırda Azərbaycan ilə Çexiya arasında fəal siyasi dialoq mövcuddur və bu, əlaqələrin inkişafına mühüm töhfə verir.
Səfər çərçivəsində iqtisadi əməkdaşlıq məsələləri də xüsusi diqqət mərkəzində olub. Prezident qeyd edib ki, Çexiyadan Azərbaycana geniş tərkibdə iş adamlarının səfəri və keçiriləcək biznes forum yeni tərəfdaşlıqların qurulmasına şərait yaradacaq. Hazırda ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması müsbət dinamikanı əks etdir. Eyni zamanda, Azərbaycan neftinin ixracının üstünlük təşkil etməsi tərəfləri iqtisadi əlaqələrin diversifikasiyasına sövq edir.
Bu baxımdan biznes-forumun keçirilməsi, Çexiyadan geniş iş adamları heyətinin Azərbaycana səfəri və konkret sərmayə layihələrinin müzakirəsi qarşıdakı dövrdə qeyri-neft sektorunda əməkdaşlığın genişlənəcəyinə işarədir. Bu, həm də Azərbaycanın iqtisadi şaxələndirmə strategiyasına uyğun gəlir. Energetika sahəsi isə ənənəvi olaraq tərəfdaşlığın əsas sütunlarından biri olaraq qalır.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan uzun illərdir Çexiya üçün etibarlı enerji tərəfdaşıdır və Azərbaycan nefti bu ölkənin enerji balansında mühüm yer tutur. Ümumilikdə, Azərbaycanın enerji resurslarının dünya bazarlarına sabit və etibarlı şəkildə çatdırılması beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir.
Bəyanatda qeyd olunub ki, hazırda Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və onlardan 10-u Avropa İttifaqına üzvdür. Bu kontekstdə Çexiyaya qonşu ölkələrə təbii qaz ixracı da əməkdaşlığın genişlənməsi üçün əlavə imkanlar yaradır. Tərəflər enerji sahəsində əlaqələrin yalnız ticarət çərçivəsində deyil, uzunmüddətli və strateji əməkdaşlıq formatında inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Çexiyadan müxtəlif hərbi təyinatlı məhsullar alır və hazırda birgə istehsal üzrə konkret layihələr müzakirə olunur. Bu sahədə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın müdafiə potensialının gücləndirilməsinə xidmət edəcək.
Səfər çərçivəsində, həmçinin digər sahələr üzrə də fikir mübadiləsi aparılmış, Hökumətlərarası Komissiyanın yaxın zamanda növbəti iclasının keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdur.Beləliklə, Prezident İlham Əliyevin bəyanatı Azərbaycan ilə Çexiya arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndiyini, əməkdaşlığın isə geniş perspektivlərə malik olduğunu bir daha təsdiqləyir.
