YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəal siyasi dialoq mühiti

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri

Aprelin 27-də Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Çex Respublikasının baş naziri Andrey Babiş arasında keçirilən görüşlər və mətbuata verilən bəyanatlar iki ölkə münasibətlərinin dinamik inkişaf etdiyini və yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu görüşlər çərçivəsində siyasi- iqtisadi və strateji əhəmiyyət kəsb edən məsələlər geniş şəkildə müzakirə olunub.

Dövlətimizin başçısı vurğulayıb ki, bizim indi çox fəal siyasi dialoqumuz var. Aparılan müzakirələrin məzmunu və əhatə dairəsi əməkdaşlığın gələcək inkişafına əlverişli zəmin yaradır. Görüşdə yalnız ikitərəfli münasibətlər deyil, eyni zamanda regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Tərəflər münasibətləri daha geniş kontekstdə qiymətləndirir və əməkdaşlığı yalnız konkret sahələrlə məhdudlaşdırmaq niyyətində deyil.

İqtisadi sahə görüşlərin əsas istiqamətlərindən biri olub, ölkəmizə gələn Çexiya iş adamlarının iştirakı ilə keçirilən biznes forum yeni əlaqələrin qurulması və mövcud layihələrin genişləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilir. Hazırda ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması olduqca müsbət göstəricidir. Bu baxımdan tərəflər iqtisadi əlaqələrin daha balanslı və şaxələndirilmiş formada inkişaf etdirilməsi məqsədilə konkret təklifləri müzakirə ediblər. Sərmayə qoyuluşu və qeyri-neft sektorunda birgə layihələrin reallaşdırılması bu istiqamətdə əsas prioritetlərdən biri kimi çıxış edir.

Energetika sektoru Azərbaycan–Çexiya münasibətlərinin əsas komponentlərindən biri olaraq qalır. Azərbaycan neftinin uzun illər Çexiyaya ixrac edilməsi tərəflər arasında formalaşmış etibarlı tərəfdaşlıq modelinin göstəricisidir. Eyni zamanda, ölkəmizin enerji resurslarını dünya bazarlarına çıxaran etibarlı tərəfdaş kimi tanınması, xüsusilə Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilməsi bu sahədə əməkdaşlığın strateji əhəmiyyətini artırır. Azərbaycan qazının 16 ölkəyə ixrac edilməsi və onlardan 10-nun Avropa İttifaqına üzv olması unikal enerji əməkdaşlığının bariz nümunəsidir. Bu kontekstdə tərəflər enerji sahəsində əməkdaşlığa daha geniş və uzunmüddətli yanaşma sərgiləyir.

Görüşdə diqqət çəkən mühüm istiqamətlərdən biri də müdafiə sənayesi sahəsində əməkdaşlıq olub. Çexiyanın bu sahədəki təcrübəsi və Azərbaycanın artan istehsal imkanları birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Bu əməkdaşlıq yalnız müdafiə sahəsində deyil, ümumilikdə sənaye sektorunun inkişafına da töhfə verəcəkdir. Dövlətimizin başçısı bildirib ki, biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir: “Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır”.

Görüşdə digər sahələr üzrə də əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni təşəbbüslər nəzərdən keçirilib. Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsi və yaxın zamanda növbəti görüşlərin keçirilməsi planları əlaqələrin daha sistemli şəkildə inkişafına xidmət edəcəkdir. Bütün bu məqamlar Azərbaycan–Çexiya münasibətlərinin artıq çoxşaxəli əməkdaşlıq müstəvisində inkişaf etdiyini və qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli tərəfdaşlıq istiqamətində irəlilədiyini əks etdirir.

Prezident İlham Əliyevin bəyanatı bir daha sübut etdi ki, Azərbaycanla Çexiya arasındakı dostluq münasibətləri möhkəm təməllər üzərində qurulub. Hökumətlərarası Komissiyanın qarşıdakı fəaliyyəti və planlaşdırılan layihələr bu dostluğun iqtisadi dividendlərə çevrilməsini təmin edəcək. Biz, parlamentarilər olaraq, bu strateji kursu dəstəkləyir və əminik ki, Azərbaycanın beynəlxalq nüfuzu və iqtisadi qüdrəti bu cür qarşılıqlı faydalı tərəfdaşlıqlar sayəsində daha da artacaqdır.