YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Çexiya əlaqələri: ortaq maraqlar və perspektivlər

Ülvi Fərzəliyev

YAP Neftçala rayon təşkilatının sədri

Aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişaf xəttində mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüş və mətbuata verilən bəyanat, Bakı ilə Praqa arasında əməkdaşlığın artıq yeni keyfiyyət mərhələsinə yüksəldiyini göstərdi. Bu görüş, sadəcə cari əlaqələrin müzakirəsi deyil, həm də uzun illər ərzində formalaşmış münasibətlərin məntiqi davamı kimi çıxış etdi.

Azərbaycan ilə Çexiya arasında münasibətlərin tarixinə nəzər saldıqda aydın olur ki, bu əlaqələr möhkəm hüquqi və siyasi təməl üzərində qurulub. Çexiya Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımış, diplomatik münasibətlər isə 27 yanvar 1993-cü ildə qurulmuşdur. Sonrakı dövrdə qarşılıqlı səfirliklərin yaradılması, yüksəksəviyyəli səfərlərin intensivləşməsi və institusional mexanizmlərin formalaşdırılması əlaqələrin sistemli inkişafını təmin etmişdir. Xüsusilə 2015-ci il sentyabrın 15-də Bakıda imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəldərək siyasi dialoqa əlavə məzmun qazandırmışdır.

İkitərəfli münasibətlərin inkişafında yüksəksəviyyəli qarşılıqlı səfərlər mühüm rol oynamışdır. Azərbaycan Prezidentinin Çexiyaya çoxsaylı səfərləri, eyni zamanda Çexiya rəhbərliyinin Azərbaycana səfərləri siyasi dialoqun davamlı xarakter aldığını göstərir. Bu proses təkcə siyasi sahə ilə məhdudlaşmamış, parlamentlərarası əlaqələr, hökumətlərarası komissiyalar və müxtəlif sahələr üzrə əməkdaşlıq mexanizmləri ilə daha da möhkəmləndirilmişdir. 2011-ci ildə yaradılmış birgə hökumətlərarası komissiya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığın koordinasiyasında mühüm rol oynayır və artıq bir neçə iclas keçirmişdir.

Məhz belə bir zəngin və sistemli əməkdaşlıq bazası üzərində baş tutan son səfər tərəflər arasında münasibətlərin strateji mahiyyətini bir daha təsdiqlədi. Görüş zamanı əldə olunan razılaşmalar və aparılan müzakirələr göstərdi ki, Azərbaycan ilə Çexiya arasında əməkdaşlıq artıq kompleks xarakter daşıyır və siyasi, iqtisadi, enerji, sənaye və təhlükəsizlik sahələrini əhatə edir. Prezident İlham Əliyevin bəyanatda ifadə etdiyi - bizim indi çox fəal siyasi dialoqumuz var - fikri bu münasibətlərin real məzmununu əks etdirən əsas tezislərdən biridir.

İqtisadi sahədə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Çexiya Azərbaycanın Avropada əsas və ən böyük ticarət tərəfdaşlarından biridir. Eyni zamanda, Azərbaycan Çexiya üçün mühüm enerji tərəfdaşlarından biri kimi çıxış edir. Ticarət dövriyyəsində enerji sektorunun üstünlük təşkil etməsi bu əməkdaşlığın əsas dayaqlarından biri olsa da, mövcud potensial qeyri-neft sahələrində də geniş imkanların olduğunu göstərir. Prezident İlham Əliyevin “ticarət dövriyyəmiz əhəmiyyətli dərəcədə artmışdır, 800 milyon dollardan çoxdur. Amma əgər biz ticarət dövriyyəsinin strukturuna baxsaq görərik ki, burada əsasən Azərbaycan neftinin ixracı gözə dəyir. Ona görə biz ticarət dövriyyəsinin daha tarazlı olmasını və strukturun təkmilləşdirilməsini arzulayırıq ” fikri məhz bu strateji yanaşmanı ifadə edir və iqtisadi əlaqələrin şaxələndirilməsinin vacibliyini önə çəkir.

Son dövrlərdə münasibətlərin yeni istiqamətlər üzrə inkişafı da diqqəti cəlb edir. Xüsusilə müdafiə sənayesi və təhlükəsizlik sahəsində əməkdaşlıq genişlənməkdədir. 2026-cı ildə hərbi əməkdaşlıq planının imzalanması və birgə layihələrin müzakirəsi bu sahədə əlaqələrin dərinləşdiyini göstərir. Eyni zamanda, Çexiyanın sənaye və texnoloji potensialı ilə Azərbaycanın regional mövqeyinin uzlaşdırılması yeni əməkdaşlıq imkanları yaradır və tərəflər üçün qarşılıqlı faydalı perspektivlər açır.

Bütün bu amillər fonunda Çexiya Baş nazirinin Azərbaycana səfəri və səsləndirilən bəyanat iki ölkə arasında münasibətlərin məntiqi inkişaf mərhələsini əks etdirir. Bu səfər göstərdi ki, Azərbaycan ilə Çexiya arasında əməkdaşlıq artıq təkcə mövcud layihələrlə məhdudlaşmır, yeni sahələri əhatə etməklə daha geniş geosiyasi və iqtisadi məzmun qazanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, əməkdaşlığın əsasında qarşılıqlı etimad və siyasi iradə dayanır və məhz bu amillər münasibətlərin gələcək inkişafını təmin edən əsas faktor kimi çıxış edir.