YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan tarixi ədaləti təmin etməklə yeni inkişaf mərhələsinin əsasını qoydu

Mahir Süleymanlı

Milli Məclisin deputatı

Azərbaycan tarixində 20 sentyabr günü xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, həmin gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması həm tarixi Qələbənin, həm də xalqın iradəsinin və müzəffər ordunun şücaətinin təzahürü kimi əhəmiyyətlidir.

2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri nəticəsində Ermənistan və separatçı rejimin silahlı birləşmələri tam tərk-silah edilərək ərazilərimizdən çıxarıldı və dövlətin suverenliyi bərpa edildi. Bu hərbi-siyasi uğur xalqın uzun illər boyu gözlədiyi tarixi ədalətin gerçəkləşməsi idi.

2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev işğaldan azad edilmiş Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Bayrağını ucaldıb. Bu faktorlar azad edilmiş ərazilərdə həyatın yenidən canlanmasının, milli birliyin möhkəmlənməsinin və gələcək nəsillərə nümunə olmasının təcəssümü idi. Həmin gün Xankəndi şəhərinin mərkəzində dövlətimizin başçısı çıxışında qeyd edib: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm... Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”.

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirilib. Hərbi parad həm dövlətin qüdrətini nümayiş etdirib, həm də xalqın Qələbəyə olan inamını və birliyini möhkəmləndirib. Bu amillər azad olunmuş torpaqlarda milli ruhun canlanmasının və gələcəyə inamın əyani ifadəsi olub. Prezident İlham Əliyev çıxışında bildirib: “Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir”.

İşğaldan azad edilmiş ərazilərdə sosial, iqtisadi və mədəni infrastrukturun bərpası sürətlə davam edir. Məktəblər, xəstəxanalar, yollar, hotellər, teatrlar, biznes mərkəzləri və konqres mərkəzləri istifadəyə verilib. Bu addımlar regionda həyatın canlanmasını, məcburi köçkünlərin doğma yurdlarına qayıdışını və iqtisadi inkişafı təmin edir.

Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndidə yaradılmış Qarabağ Universiteti bölgədə yüksək ixtisaslı kadrların hazırlanmasına xidmət edir və elmi-mədəni həyatın inkişafında yeni mərhələdir. Bu ali təhsil müəssisəsi, həmçinin bölgənin iqtisadi potensialını artırmaq, elmi tədqiqatları inkişaf etdirmək və əmək bazarının tələblərinə cavab vermək məqsədini daşıyır.

2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılıb. Bu addım ərazidə idarəetməni səmərəli etmək, sosial-iqtisadi inkişafı sürətləndirmək və regionun inkişafını uzunmüddətli perspektivdə təmin etmək məqsədini güdür. Rayonda həyata keçirilən bütün layihələr həm də əhalinin rifahının yüksəldilməsinə, yeni iş yerlərinin açılmasına və bölgənin davamlı inkişafına xidmət edir.

2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirdi. Prezident İlham Əliyev dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən görüşü izləmişdir. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun idi. Həmin idman tədbiri milli birliyin, sosial canlanmanın və bölgənin normal həyatına dönüşün təzahürü kimi tarixdə qalacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva azad edilmiş ərazilərə mütəmadi səfərlər edərək bərpa işləri ilə tanış olur, sakinlərlə görüşür və gələcək inkişaf planlarını təqdim edirlər. Bu səfərlər hər bir bölgənin xüsusi inkişaf prioritetlərini müəyyən edir və lokal layihələrin milli-strateji hədəflərlə uyğunluğunu təmin edir.