YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət suverenliyi xalqımızın milli sərvətidir

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri

Azərbaycan xalqı tarix boyu azadlıq, müstəqillik və dövlətçilik ideallarına sadiq olmuş, milli kimliyini qorumaq uğrunda böyük mübarizələr aparmışdır. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir.

Müstəqillik yolunda atılan addımlar dövlətçiliyimizin əsas sütunlarına çevrilmişdir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” 2024-cü il 19 sentyabr tarixli Sərəncamı xalqımızın dövlətçilik tarixində mühüm bir mərhələyə tarix yazan lider tərəfindən verilən yüksək qiymət idi.

Azərbaycan xalqı hər il 20 sentyabrı milli qürur, azadlıq və dövlətçilik rəmzi kimi qeyd edəcək. Möhtərəm prezidentimizin qeyd olunan sərəncamında deyildiyi kimi, Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Bu günün təsis olunması, həmçinin, gənc nəslin tarixi proseslərdən xəbərdar olması, müstəqilliyin hansı çətinliklər hesabına qazanıldığını anlaması baxımından da mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçiliyimiz üçün xüsusi tarixi-siyasi hadisədir.

Bu qərar ilk növbədə Konstitusiyanın rolunun daha dərindən dərk edilməsinə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətimizin ali hüquqi sənədi olaraq idarəçilik prinsiplərini müəyyənləşdirir, insan hüquq və azadlıqlarının təminatını özündə əks etdirir, vətəndaş cəmiyyətinin formalaşması üçün möhkəm hüquqi baza yaradır.

Digər tərəfdən, bu təşəbbüs dövlət müstəqilliyimizin qorunması və suveren hüquqların daha da möhkəmləndirilməsi məqsədini daşıyır. Azərbaycan xalqının şüurunda müstəqillik və suverenlik anlayışlarının daha güclü şəkildə yer alması üçün “Konstitusiya və Suverenlik İli” xüsusi bir ideoloji və mənəvi missiya daşıyır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan bu gün yalnız hüquqi sənədlərdə deyil, həm də siyasi iradəsində, iqtisadi gücündə, hərbi qüdrətində və beynəlxalq nüfuzunda öz suverenliyini nümayiş etdirir.

Ulu Öndər Heydər Əliyev hər zaman vurğulayırdı ki, “Müstəqillik ən böyük sərvətimizdir və onu qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur.” Bu fikir Azərbaycan xalqı üçün yol göstərici olmuş və dövlətçilik ideologiyasının əsas prioritetlərindən birinə çevrilmişdir.

Prezident İlham Əliyev öz çıxışlarında daim bildirir ki, Azərbaycan bu gün öz milli maraqlarını bütün sahələrdə qətiyyətlə müdafiə edir: “Bizim suverenliyimiz əbədi, müstəqilliyimiz dönməzdir”. Dövlət başçısının bu fikirləri Azərbaycanın gələcək inkişaf kursunun da əsasını təşkil edir.

20 sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycan xalqının müstəqillik yolundakı mübarizəsini, qətiyyətini və milli iradəsini simvolizə edir. Bu günün təsis olunması milli yaddaşın qorunması, tarixi hadisələrə ehtiramın göstərilməsi və dövlətçilik ideyalarının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması isə bir daha təsdiqləyir ki, Azərbaycan dövləti öz müstəqilliyini, suverenliyini və konstitusiya quruluşunu möhkəmləndirməkdə qətiyyətlidir.

Azərbaycan xalqı bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında daha güclü, daha müasir, daha nüfuzlu bir dövlət qurur. Dövlət suverenliyi yalnız tarixi yaddaşda deyil, həm də real həyatda öz təsdiqini tapır.