Xəbərlər
Göygöl, Gəncə və Mingəçevirə ekskursiya təşkil edilib
Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatının təşəbbüsü ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Göygöl, Gəncə və Mingəçevir şəhərlərinə ekskursiya təşkil edilib.
Səfər çərçivəsində iştirakçılar ilk olaraq Azərbaycanın füsunkar təbiət inciləri sayılan Göygöl və Maralgölü ziyarət ediblər. Qeyd olunub ki, bu təbiət abidələri ölkənin ekoloji zənginliyini, biomüxtəlifliyini və təbii sərvətlərini əks etdirir, həmçinin dövlət tərəfindən ətraf mühitin mühafizəsi və ekoturizmin inkişafına göstərilən diqqətin göstəricisidir.
Sonra iştirakçılar qədim Gəncə şəhərinə səfər edərək dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər, onun zəngin ədəbi irsi barədə məlumat əldə ediblər. Gəncə şəhərində, o cümlədən Xan bağında təşkil olunan gəzinti iştirakçılara şəhərin tarixi-memarlıq ənənələri və mədəni mühiti ilə yaxından tanış olmaq imkanı yaradıb.
Səfərin davamında Mingəçevir şəhərində Kür çayı üzərində gəmi gəzintisi təşkil olunub. Azərbaycanın energetika mərkəzi kimi tanınan Mingəçevirin inkişafı, həyata keçirilən genişmiqyaslı layihələr və müasir infrastruktur iştirakçılar tərəfindən maraqla qarşılanıb.
