Xəbərlər
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ən ali dəyərdir

Səbinə Xasayeva
Milli Məclisin deputatı
Ərazi iddiası səbəbindən Ermənistan Azərbaycana qarşı elan etmədən ədalətsiz müharibəyə başladı. Ermənistanın apardığı bu müharibəni dəstəkləyən, Ermənistana siyasi və hərbi yardım göstərən dövlətlər də oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bildirmişdi ki, Azərbaycan xalqı və Azərbaycan dövləti Azərbaycanda ikinci erməni dövlətinin yaranmasına heç zaman imkan verməz. Bu ciddi siyasi bəyanat da işğalçı dövləti və onun havadarlarını niyyətlərindən çəkindirmədi, Ermənistan danışıqlardan yayınmaqla mövcud status-kvonu saxlamağa çalışırdı. Yeni hücumlarla, irimiqyaslı təxribatlarla yeni ərazilər işğal etmək istəyirdi. Beynəlxalq təşkilatlar işğalçı dövlətin bu niyyətinə ciddi siyasi tədbir görmürdü, bəlkə də görmək istəmirdi.
Ermənistan 2020-ci il sentyabrın 27-də artilleriyadan da istifadə etməklə müxtəlif istiqamətlərdən Azərbaycanın ərazilərinə hücum etdi. Ordu hissələrimiz hücumun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın İlham Əliyevin döyüş əmri ilə əks-hücuma keçdi. İkinci Qarabağ müharibəsi başladı. Bu müharibə azərbaycançılığın erməniliklə müharibəsi idi, bu müharibə ruhun müharibəsi idi, bu müharibə dövlət başçımızın ətrafında sıx birləşmiş xalqın müharibəsi idi, bu müharibə ədalətli müharibə idi.
Ordu hissələrimiz Ermənistanın işğal müddətində yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini darmadağın etdi, döyüşə-döyüşə qələbələr qazandı, qələbələr qazana-qazana döyüşdü. Sentyabrın 27-də Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklər işğaldan azad edildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində dedi ki, “Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik".
Azərbaycan Ordusu döyüşə-döyüşə şəhərləri, kəndləri, strateji yüksəklikləri azad edirdi. Noyabrın 8-də ordumuz Şuşa şəhərini işğaldan azad etdi. “...Şuşa Qarabağın tacıdır! Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Biz Şuşaya qayıtdıq, biz Şuşanı qaytardıq, biz Şuşada yaşayacağıq” (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev).
Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat Azərbaycanın qalibiyyət sənədi oldu, Ermənistanın məğlubiyyət. Ermənistan Bəyanatın şərtlərinə əməl etmirdi, Xankəndinə, Xocalıya, Əsgərana sığınmış, toplaşmış ordu hissələri, silahlı dəstələri müxtəlif miqyaslı təxribatlar törədirdi, bəziləri hərbi əməliyyat kimi həyata keçirilirdi. Bununla bir sırada, Ermənistan Laçın dəhlizi vasitəsilə Qarabağın hələ nəzarətində olduğu ərazilərinə silah, hərbi sursat daşıyırdı. Bu, böyük, gözlənilməzliklərlə nəticələnə biləsi bir təhlükə idi. Azərbaycan hökuməti 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Buraxılış məntəqəsinin qurulması ilə Azərbaycan beynəlxalq ictimaiyyət tərəfin¬dən tanınmış bütün sərhədləri boyunca suveren hakimiyyətini və nəzarətini, ərazi bütövlüyünü təmin etdi.
Ermənistan silahlı qüvvələrinin Qarabağda qalmış hissələri və silahlı dəstələri 2023-cü il sentyabrın 19-da Qarabağda bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror əməliyyatına başladı. Həmin gün Ermənistan silahlı birləşmələri hərbi əməliyyatı həyata keçirməyə imkan tapmamış 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Ermənis¬tan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılırdı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror əməliyyatı aşağıdakı şərtlərlə dayandırıldı:
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır, paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir, yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Antiterror əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.
Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Yaradılması 1988-ci ildən açıq siyasi mübarizə və elan edilmədən aparılan müharibə ilə bəyan edilən qurum ağır siyasi, hərbi nəticələri qalsa da tarixdən silindi. 2023-cü ilin 20 sentyabr qələbəsi ilə Azərbaycanın ərazi bütövlüyü də bərpa olundu, hakimiyyətin aliliyi və nəzarət funksiyası da.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə “Dövlət Suverenliyi Günü” təsis edildi. Azərbaycanda hər il bu tarix də qürurla, böyük sevgilərlə qeyd olunacaq: 29 sentyabr Dövlət Suverenliyi Günüdür!
2025-ci ilin “Konstitusiya və Suverenlik il” elan ediməsinin mahiyyəti də “Dövlət Suverenliyi günü” ilə bağlıdır. “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: “2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”.
“Dövlət Müstəqilliyi Günü” hər bir Azərbaycan vətəndaşına, Azərbaycanı sevən hər bir dövlətin duru niyyətli vətəndaşlarına, Azərbaycana sayğısı olmayan dövlətlərdə yaşayan bəşəri niyyətli insanlara dünyəvi bayramlardan biri kimi əzizdir. Hər bir Azərbaycan vətəndaşı bu günü dövlət müstəqilliyimizin bərpa olunduğu gün qədər sədaqətlə yaşadacaqdır.