Xəbərlər
Azərbaycan mətbuatı zəngin və şərəfli inkişaf yoluna malikdir

İyulun 17-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbirin əhəmiyyətindən bəhs edərək medianın milli maraqlara xidmət etməsinin vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, mətbuat cəmiyyətin güzgüsüdür: “Azərbaycan mətbuatı müstəqilliyin, dövlətçiliyin qorunması və milli dəyərlərimizin təbliğində daim ön sırada dayanıb. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu strategiya bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və medianın inkişafı bu siyasətin mühüm hissəsidir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində belə bir tədbirin keçirilməsi həm də milli-mənəvi dəyərlərimizin təbliği baxımından vacibdir”.
Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə Azərbaycan mətbuatının keçdiyi tarixi yoldan və Prezident İlham Əliyevin media siyasətindən danışıb. Qeyd edib ki, mətbuat həm maarifləndirici, həm də milli təhlükəsizlik baxımından strateji bir gücdür: “Azərbaycan mətbuatının inkişaf mərhələləri göstərir ki, sözün gücü ilə də tarix yazmaq mümkündür. Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində aparılan islahatlar informasiya cəmiyyətinə keçidin əsasını qoyur”.
YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli isə çıxışında Azərbaycan mətbuatının zəngin və şərəfli inkişaf yoluna malik olduğunu söyləyib: “Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə milli etimad əsasında - xalqın iradəsi ilə hakimiyyətə gəlməsindən sonra bütün istiqamətlərdə olduğu kimi, media sahəsində də məqsədyönlü tədbirlər həyata keçirilib. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün istiqamətlərində olduğu kimi, media sahəsində də müasir çağırışlara uyğun islahatlar reallaşdırılıb və təqdirəlayiq uğurlar qazanılıb. Bütün bunlar milli maraqların qorunması, siyasi-ideoloji sahədə cəmiyyətin maarifləndirilməsi, ölkə daxilində və dünyada baş verən proseslərin peşəkar təhlili və sağlam ictimai rəyin formalaşdırılması baxımından çox mühüm əhəmiyyətə malikdir”.
YAP Veteranlar Şurasının üzvü, Əməkdar jurnalist Tahir Məmmədov milli mətbuatımızın keçdiyi inkişaf yolundan vu bu sahədə qazanılan uğurlardan ətraflı bəhs edib. O, medianın bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.
Çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini İsrafil Kərimov media nümayəndələrini təbrik edib, onlara fəaliyyətlində uğurlar arzulayıb. O, milli mətbuatın 150 illiyinin geniş qeyd olunmasını bu peşənin sahiblərinə verilən yüksək qiymət kimi dəyərləndirib.
Tədbirdə, həmçinin “Zəfərinfo.az” saytının baş redaktoru, Vətən müharibəsi iştirakçısı Bəhruz Məmmədzadə və digərləri çıxış edərək mətbuatın cəmiyyətimizin inkişafında, informasiya təhlükəsizliyində və vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rolunu vurğulayıblar.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.