Xəbərlər
Milli mətbuatın inkişafına yönəlmiş mühüm təşəbbüslər

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
22 iyul - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, ölkədə ilk mətbu orqanı olan “Əkinçi” qəzetinin nəşrə başladığı gündür. 150 il öncə “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Sovet hakimiyyəti dövründə bütün sovet respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan söhbət belə gedə bilməzdi. Yalnız bolşevik rejiminin, kommunist ideyalarının təbliği ilə məşğul olan qəzet və jurnallar nəşr olunurdu. Mətbuat üzərində ciddi senzura hökm sürürdü. O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
1990-cı illərin II yarısından başlayaraq Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu mərhələ həm də Azərbaycan dövlətçiliyi, demokratik dövlət quruculuğu dövrüdür. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərmanı da Heydər Əliyev imzalayıb. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən etdi.
Ümumilli lider Heydər Əliyev mətbuatın inkişafı istiqamətində mühüm addımlar atmışdı. Prezident İlham Əliyev də məhz bu addımları davam etdirdi, milli mətbuatımızı daha yüksək səviyyəyə qaldırdı. 2005-ci ildə "Əməkdar jurnalist" adı bərpa olundu, "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamlar imzalandı. Prezident İlham Əliyev 12 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib.