Xəbərlər
Tərəqqi, modernləşmə və yeni hədəflər
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Naxçıvan şəhərinin 2044-cü ilə qədər inkişaf planı yeni mərhələnin təqdimatı oldu. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə muxtar respublikaya səfəri Naxçıvanın tarixinə möhtəşəm səhifələrin yazılması ilə yadda qaldı. Cənab İlham Əliyevin səfər zamanı Azərbaycan Televiziyasına müsahibəsi bu günədək görülən işlərin fonunda qarşıdakı dövrün hədəflərinin təqdimatı kimi dəyərləndirildi. Müsahibədə ölkə Prezidentinin səsləndirdiyi çağırışların hər biri muxtar respublikanın, ümumilikdə ölkəmizin gələcək inkişafının aydın mənzərəsini təqdim etdi.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış oldular. Baş Plan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və beynəlxalq məsləhətçi şirkət "Chapman Taylor" tərəfindən hazırlanıb. Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Naxçıvan şəhərinin müstəqillik dövründə ilk dəfə hazırlanan yeni Baş Planı onun perspektivdə məkan inkişafının vahid strateji baxışını müəyyən edir. Konsepsiya şəhər mərkəzinin yenilənməsi, rekreasiya zonalarının genişləndirilməsi, dayanıqlı mobilliyin təşviqi, yaşayış və sosial infrastrukturun gücləndirilməsi və turizm potensialının daha səmərəli reallaşdırılması əsasında formalaşdırılıb. Şəhərin əsas inkişaf istiqamətlərindən biri onun mərkəzi hissəsinin yenidən formalaşdırılmasıdır. Bu məqsədlə 74 hektar ərazini əhatə edən mərkəzi rayonun müfəssəl planı, həmçinin bu rayon daxilində mövcud planlaşdırma strukturu qorunmaqla 12,5 hektarlıq ərazini əhatə edən hissə üçün yeni memarlıq konsepsiyası hazırlanıb. Layihədə şəhər mərkəzinin daha canlı, yığcam və əlçatan məkana çevrilməsi nəzərdə tutulur. Konsepsiyaya əsasən, tarixi əhəmiyyət kəsb etməyən köhnəlmiş tikililərin mərhələli şəkildə yenilənərək müasir çoxmərtəbəli yaşayış və çoxfunksiyalı binalarla əvəzlənməsi, ərazidə yeni inzibati kompleksin yaradılması, mərkəzi meydanın isə yeni landşaft və kiçik memarlıq elementləri əlavə edilməklə insanyönümlü ictimai məkana çevrilməsi təklif edilir. Bütün bu yanaşmalar nəticəsində yaşayış, iş, xidmət, istirahət və ictimai funksiyaların bir-birini tamamladığı müasir şəhər mərkəzi formalaşdırılacaq. Baş Planda Naxçıvanın zəngin tarixi-mədəni irsi və əlverişli coğrafi mövqeyi şəhərin turizm potensialını formalaşdıran əsas üstünlüklər kimi dəyərləndirilir.
Tarixi irsin qorunması ilə yanaşı, xidmət sahələrinin genişləndirilməsi və şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi turizm sektorunun rəqabətqabiliyyətliliyinin artırılmasına imkan yaradacaq. Naxçıvanın gələcək inkişafı şəhərin artım potensialı nəzərə alınmaqla planlaşdırılıb. Şəhərin böyüməsi ilə paralel olaraq sosial infrastruktur da genişləndiriləcək. Naxçıvan şəhəri 2044-cü ilədək daha böyük potensiala malik yaşayış məkanı kimi inkişaf edəcək. Şəhərin tarixi-mədəni irsini müasir şəhərsalma prinsipləri ilə uzlaşdıran yeni Baş Plan onun dayanıqlı, inklüziv və insanyönümlü regional mərkəz kimi inkişafının strateji əsasını formalaşdıracaq.
Səfər zamanı Naxçıvan Regional DOST Mərkəzinin açılışı əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, sosial xidmətin səviyyəsinin yüksəldilməsinin prioritetliyini bir daha təsdiqlədi. Mərkəzdə əhaliyə 164 sosial xidmət göstəriləcək. Ümumilikdə 117 işçinin və 50 könüllünün fəaliyyət göstərəcəyi mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur. Bütün xidmətlər “Bir pəncərə” prinsipi əsasında təşkil olunub və Naxçıvan sakinlərinə rahat, operativ və əlçatan şəkildə təqdim ediləcək. Bu yanaşma müxtəlif sosial istiqamətlər – pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığagötürmə və digər sosial xidmətlərin vahid məkanda, şəffaf formada göstərilməsinə imkan yaradır.
Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanın turizm potensialına da diqqəti yönəltdi. Bildirdi ki, Naxçıvanın turizm potensialı çox zəngindir: həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var. Ancaq əfsuslar olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir. Bu gün şəhərin mərkəzində beşulduzlu yeni mehmanxananın təməli qoyuldu və yəqin ki, təqribən 2028-ci ildə hazır olacaq: “Yəni dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafına nə lazımdırsa, o da bu günə qədər edilib və ediləcək. Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib. Hər il Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə yüz milyonlarla manat vəsait ayrılır. Yəni bu olmasaydı, təbii ki, biz bugünkü inkişaf edən və abad Naxçıvanı da görə bilməzdik”.
Prezident İlham Əliyev onu da qeyd etdi ki, hər zaman daha yaxşısını arzulayırıq, daha yaxşısını istəyirik. Nəzərə alsaq ki, Qarabağ, Şərqi Zəngəzur demək olar ki, sıfırdan qurulur və Zəngilan rayonu ilə Ordubad rayonu arasında məsafə cəmi 42 kilometrdir. Bu, faktiki olaraq vahid bir məkandır, tarixən də belə olub. Zəngəzur, Naxçıvan, Qarabağ vahid məkan olub və insanların da miqrasiyası əsrlər boyu olub. Ona görə bu böyük coğrafiyada qohum-əqrəbalar da çoxdur. Ona görə biz bunu vahid, nümunəvi bir inkişaf diyarı kimi nəzərdə tuturuq.
Səfər zamanı Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanışlıq, Əcəmi Naxçıvani abidəsinin açılışı, Naxçıvanın tarixi-mədəni irsinə göstərilən diqqət bir daha təsdiqlədi ki, şəhər quruculuğu ilə tarixi irsin qorunması paralel aparılır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Naxçıvanın inkişafı yalnız Naxçıvan şəhərinin müasir dövrün çağırışlarına uyğun olaraq modernləşdirilməsi ilə məhdudlaşmır. Məqsəd muxtar respublikanın vahid iqtisadi məkan kimi inkişafıdır.
