Xəbərlər
Münasibətlərin inkişafı

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Azərbaycanın müstəqilliyini bərpa etməsi həm qonşu, həm də dünya dövlətləri ilə iqtisadi, o cümlədən xarici ticarət əlaqələrini qurmağa imkan verdi. İndi Azərbaycan 180 ölkə ilə ticarət əlaqələri olan, qlobal layihələrdə fəal İştirak edən, beynəlxalq dəhlizlərdə əsas qovşaq rolu oynayan və nəhayət, regionun əsas iqtisadi güc və siyasi söz sahibi sayılan Zəfər qürurlu bir dövlətdir.
Bu tendensiya region dövlətləri ilə münasibətdə də özünü qabarıq şəkildə büruzə verir. İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın 2025-ci il aprelin 28-də Azərbaycana səfəri ölkəmizin, eləcə də regionun maraqları baxımından müsbət strateji əməkdaşlıq üfüqləri vəd edir. Səfər öncəsi Azərbaycan Televiziyasına və İranın İRNA agentliyinə müsahibə verərkən İran hökumətinin başçısı da öz növbəsində ikitərəfli əlaqələrin inkişafına dair açıqlamasında ölkələr arasında əməkdaşlıq imkanlarının mövcudluğundan bəhs edərək sağlam əlaqələrin yaradılması üçün əl-ələ verib əməkdaşlıq etməyin zəruriliyindən bəhs edib. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini ənənəvi olaraq dəstəkləyirlər. Bu məsələ Azərbaycan və İran prezidentlərinin görüşü zamanı da gündəmə gəldi. Azərbaycan Prezidenti vurğuladı ki, bu barədə də fikir mübadiləsi aparıldı və gələcək birgə əməkdaşlıq çərçivələri müzakirə edildi. İstər BMT olsun, istər İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində daim bizim nümayəndələrimiz bir-birinin yanındadır.
Azərbaycan bölgədə davamlı sülh və sabitliyin yaranması üçün təkcə təşəbbüslə çıxış etmir, eyni zamanda, bu məsələdə öz əməli töhfəsini verir. Respublikamız hazırda da bu istiqamətdə real addımlar atır və bölgənin yeni əməkdaşlıq formatının yaradılması məqsədilə infrastruktur layihələrinin icrasını sürətləndirir. Təbii ki, burada nəqliyyat layihələri xüsusi rol oynayır. Nəqliyyat-logistika sahəsində əməkdaşlığın əsas istiqamətlərindən biri Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafıdır. 2023-cü ildə bu marşrut üzrə yükdaşımaların 50% artması və Ağbənd dəmir yolu körpüsünün tikintisi iki ölkənin logistika imkanlarının genişlənməsinə xidmət edir. Şimal-Cənub nəqliyyat dəhlizi həm Avropa ilə Asiya arasında ən qısa və səmərəli tranzit yolu kimi çıxış edir, həm də iqtisadiyyatın şaxələndirilməsi və beynəlxalq ticarətin genişlənməsinə şərait yaradır.
İran prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində dövlət başçıları arasında keçirilmiş görüşlər, imzalanmış mühüm sənədlər ölkələrimiz arasında çoxtərəfli münasibətlərin daha da möhkəmlənməsinə təkan verəcək. Bu isə Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın bölgə iqtisadiyyatının ümumi arxitekturasının müəyyənləşdirilməsini reallaşdırmaq deməkdir. Bütün bunlar Azərbaycanın nə qədər sülhsevər bir ölkə olduğunu bir daha dünyaya nümayiş etdirir.