Xəbərlər
“Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi”
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında “Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ASAN könüllüləri, Medianın İnkişaf Agentliyi, Dövlət Gömrük Komitəsi və Turizm Könüllüləri Təşkilatında könüllü olaraq fəaliyyət göstərən gənclər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycan ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətənin qəhrəman övladlarınn xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında bildirib ki, bu gün qüdrətli və qalib Azərbaycan reallığı Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyalarının və tükənməz dövlətçilik irsinin nəticəsidir. Ulu Öndər həm sovet dövründə, həm də müstəqillik illərində ölkəyə rəhbərliyi dövründə xalqın taleyüklü inkişafına xidmət edən ardıcıl siyasət həyata keçirib.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra Heydər Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı sosial-iqtisadi yüksəliş təmin olunub. 1969-cu ilin 5 avqust plenumunda Ulu Öndər respublikada mövcud böhranın dərin təhlilini verərək inkişaf strategiyasını müəyyənləşdirib. Nəticədə respublikanın sənayesi, kənd təsərrüfatı və digər sahələrdə böyük dirçəliş baş verib.
Heydər Əliyev 1978-ci il Azərbaycan SSR Konstitusiyasını hazırlayan komissiyanın sədri kimi milli maraqların qorunmasına nail olmuş, xüsusən Azərbaycan dilinin dövlət dili statusunun saxlanmasına xüsusi əhəmiyyət vermişdir.
1970-1985-ci illərdə ölkənin gələcək inkişafı üçün güclü kadr potensialı formalaşdırılmış, minlərlə gənc SSRİ-nin nüfuzlu ali və hərbi təhsil ocaqlarına göndərilmişdir. 1971-ci ildə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Məktəb milli zabit korpusunun formalaşmasına mühüm töhfə verib.
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan Heydər Əliyev hər zaman Azərbaycan xalqının maraqlarını müdafiə etmişdir. Naxçıvan Ali Sovetinə rəhbərlik etdiyi dövrdə müstəqillik yolunda tarixi qərarlar qəbul etmiş, üçrəngli Azərbaycan bayrağını ilk dəfə Naxçıvanda ucaltdırmışdır.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər ölkəni dağılmaq təhlükəsindən xilas etmiş, sabitlik və inkişaf dövrünü başlatmışdır. 1995-ci il Konstitusiyası müasir dövlət quruculuğunun hüquqi əsasını formalaşdırmışdır.
Bəxtiyar Nəbiyev bildirib ki, Heydər Əliyevin ideyalarına sadiq qalan Prezident İlham Əliyev Azərbaycanı daha da gücləndirib. Möhkəm siyasi iradə, güclü ordu quruculuğu və balanslaşdırılmış xarici siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü tam bərpa olunub. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri isə Azərbaycanın gücünü bütün dünyaya göstərir.
Heydər Əliyev Fondunun fəaliyyəti, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr Ulu Öndərin irsinin yaşadılmasına böyük töhfələr verir.
Sonda gənclərin çoxsaylı sualları cavablandırılıb.
