Xəbərlər
"Zərifə Əliyevanın oftalmologiya sahəsinin inkişafındakı xidmətləri böyükdür"

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon rayon təşkilatı və “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxs tərəfindən görkəmli oftalmoloq-alim və akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, “Kəlbəcər rayon Mərkəzi Xəstəxanası”nın direktoru Ənvər İmaməliyev Azərbaycan elminə, səhiyyəsinə misilsiz töhfələr vermiş akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, tibb elminin, xüsusilə də onun oftalmologiya sahəsinin inkişafındakı xidmətlərindən danışıblar. Qeyd olunub ki, görkəmli oftalmoloq-alim Zərifə Əliyeva qayğıkeş həkim, eyni zamanda, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürüb.
Vurğulanıb ki, Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.