Xəbərlər
Yeraltı sərvətlər iqtisadi potensialın yeni mənbəyinə çevrilir
Natiq Allahverdiyev
YAP Qax rayon təşkilatının sədri
Prezident İlham Əliyevin Sərəncam ilə təsdiq olunan “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027−2030-cu illər üçün Dövlət Proqramı” təsadüfi xarakter daşımır. Müasir dünyanın iqtisadi inkişaf trendi nəzərə alınaraq bu Dövlət Proqramının qəbul edilməsi heç də metal və digər faydalı qazıntıları istismar edib xaricə satmaqdan ibarət deyil. Söhbət iri müəssisələrin qurulmasından, yeni istehsal sahələrinin yaradılmasından, ölkəyə xarici sərmayə cəlb edilməsindən, dünya bazarına ixracın həcminin artırılmasından gedir. Çünki Azərbaycanın zəngin təbii ehtiyatları onun iqtisadi inkişafının təməlini təşkil edən başlıca amildir. Neft və qaz sənayesi ilə yanaşı, ölkənin iqtisadi inkişafını artırmaq üçün dağ-mədən sənayesinin inkişafı da zəruridir.
Azərbaycan iqtisadiyyatının strateji hədəfi neft-qaz amilindən asılılığı minimuma endirmək və qeyri-neft sektorunun payını davamlı şəkildə artırmaqdır. 2027-2030-cu illəri əhatə edən dağ-mədən və metallurgiya sənayesinə dair Dövlət Proqramı xammal bazasından səmərəli istifadə etməklə yüksək əlavə dəyər yaradan daxili istehsal zəncirinin qurulmasına xidmət edir. Bu yanaşma ölkənin sadəcə xammal ixracatçısı kimi deyil, hazır və yarımhazır metallurgiya məhsulları istehsal edən aparıcı sənaye mərkəzi kimi formalaşmasını təmin edəcəkdir. Zəngin metal filizi ehtiyatlarına malik olan ölkəmizdə müasir texnologiyalara əsaslanan metallurgiya komplekslərinin qurulması nəinki daxili tələbatı tam ödəyəcək, həm də maşınqayırma, tikinti və müdafiə sənayesi kimi digər strateji sahələrin inkişafına güclü təkan verəcəkdir.
Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət strategiyasının həyata keçirilməsi çərçivəsində Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl, mis və molibden yataqlarının istismarına başlanılması planlaşdırılır. Naxçıvan Muxtar Respublikasında isə geoloji kəşfiyyat işlərinə gələn ildən başlanacaq. Bu istiqamətdə fəaliyyət həm dövlət xətti ilə – “AzerGold” vasitəsilə, həm də özəl sektorun cəlb olunması ilə həyata keçiriləcək.
Avropa qitəsində ən perspektivli yataqlardan biri hesab olunan Balakən rayonundakı “Filizçay” polimetal yatağının işlənilməsi üzrə hazırlıq işləri də yekunlaşmaq üzrədir. Eyni zamanda, Qərb Sənaye Parkının yaradılması ilə bağlı Dövlət Başçısı tərəfindən sərəncam imzalanıb. Parkın əsas məqsədlərindən biri dağ-mədən sənayesinin inkişaf etdirilməsi, “Daşkəsən” filiz yatağının istismara cəlb olunması və ona yaxın ərazilərdə digər sənaye layihələrinin həyata keçirilməsidir.
Dövlət başçısı dağ-mədən sənayesində xammal hasilatından son məhsulun istehsalına qədər tam istehsal zəncirinin yaradılması ilə bağlı tapşırıqlar verib. Bu, yalnız təbii ehtiyatların hasilatını deyil, onların ölkə daxilində emal olunmasını, daha yüksək əlavə dəyər yaradılmasını və hazır məhsul istehsalının genişləndirilməsini nəzərdə tutur. 2030-cu ilədək alüminium istehsalının 100 min tona çatdırılması da qarşıya qoyulan hədəflərdən biridir. Dağ-mədən sənayesinin genişləndirilməsi ixracda qeyri-enerji sektorunun payının və bu sahədən əldə olunan gəlirlərin artmasına, ixrac imkanlarının genişlənməsinə şərait yaradacaq.
Həyata keçiriləcək layihələrin Kəlbəcər, Ağdərə, Zəngilan, Balakən, Daşkəsən və Naxçıvan kimi müxtəlif regionları əhatə etməsi həmin ərazilərdə iqtisadi fəallığın artması baxımından da mühüm əhəmiyyət daşıyır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə yeni sənaye müəssisələrinin və istehsal zəncirlərinin yaradılması məşğulluğun dəstəklənməsinə, yerli biznesin inkişafına və regionların iqtisadi potensialının daha səmərəli istifadəsinə imkan verə bilər.
Dağ-mədən sənayesinin genişlənməsi dövlət büdcəsinə daxilolmalar baxımından da əhəmiyyətlidir. Yeni müəssisələrin fəaliyyəti nəticəsində sektor üzrə vergi daxilolmalarının artması, ixrac gəlirlərinin yüksəlməsi və iqtisadi dövriyyənin genişlənməsi mümkündür. İlkin hesablamalara görə, layihələrin illik müsbət maliyyə təsirinin 1 milyard manatdan çox olması gözlənilir. Dövlət büdcəsinə artımlar isə yeni sosial paketlərin icrasına imkan verə bilər.
Azərbaycanın ən böyük sərvəti onun təbiətidir. İqtisadi faydaların əldə olunması ilə yanaşı, ətraf mühitin qorunması əsas prioritet olaraq qalmalıdır. Yataqların işlənilməsi zamanı ekoloji ekspertizanın yüksək səviyyədə aparılması, müasir texnologiyaların tətbiqi və bütün ekoloji norma və standartlara ciddi əməl olunması dağ-mədən sənayesinin uzunmüddətli və davamlı inkişafının əsas şərtlərindən biridir.
Qarşıdakı dövrdə dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft və qeyri-enerji sektorunun gücləndirilməsi, ixrac potensialının artırılması, investisiyaların cəlb edilməsi və regionlarda iqtisadi fəallığın yüksəldilməsi üçün yeni imkanlar yarada bilər.
