Xəbərlər
"Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi öyrənilir"
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və tarixi-mədəni irsin tanıdılması məqsədilə silsilə tədbirlər keçirilib.
Keçirilən maarifləndirici məşğələlərdə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və milli maraqların qorunması istiqamətində həyata keçirdiyi siyasət barədə gənclərə məlumat verilib. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi kursun uğurla davam etdirilməsi, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və Azərbaycanın dövlət suverenliyinin bərpasının əhəmiyyəti diqqətə çatdırılıb.
Silsilə tədbirlər çərçivəsində gənclər Quba Rayon Heydər Əliyev Mərkəzini, 27 Sentyabr - Anım Günü ilə əlaqədar Quba Şəhidlər Xiyabanını və “Şəhidlər Muzeyi”ni ziyarət ediblər.
Heydər Əliyev Mərkəzinə səfər zamanı iştirakçılar Ümummilli Liderin həyat və fəaliyyətini, dövlətçilik irsini əks etdirən materiallarla tanış olublar. Şəhidlər Xiyabanı və “Şəhidlər Muzeyi”nə ziyarət zamanı isə Quba rayonundan olan şəhidlərin həyat və döyüş yoluna dair məlumatlar diqqətə çatdırılıb, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Gənclər Qubanın tarixi-memarlıq abidələri sırasında yer alan “Qırx pilləkən” və XVIII əsrin sonu - XIX əsrin əvvəllərinə aid Şərq üslublu Tağlı körpü ilə də tanış olublar.
İştirakçılara sözügedən tarixi abidələrin yaranma tarixi, memarlıq xüsusiyyətləri və Qubanın zəngin tarixi-mədəni irsində tutduğu yer barədə ətraflı məlumat verilib.
Silsilə tədbirlər gənclərin Azərbaycanın tarixi irsi, dövlətçilik ənənələri və milli-mənəvi dəyərlər barədə biliklərinin artırılmasına, onların vətənpərvərlik ruhunun gücləndirilməsinə, tarixi-mədəni irsə marağının artırılmasına və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edib.
