Xəbərlər
Zərifə Əliyevaın xatirəsi Xocavənddə də anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatı, Xocavənd Rayon İcra Hakimiyyəti və “Xocavənd Mərkəzi Rayon Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci illiyinə həsr edilmiş tədbir keçirilib.
Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Əvvəlcə tibb elmləri doktoru, oftalmoloq-alimin həyat və yaradıcılığını əks etdirən kitab sərgisinə baxış olub.
Tədbirdə akademik Zərifə xanım Əliyevanın, Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Zərifə xanım Əliyevanın həyat və elmi yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, görkəmli oftalmoloq Zərifə xanım Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxoma, peşə fəaliyyəti ilə bağlı yaranan göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi, habelə oftalmologiyanın problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifidir. Tanınmış alim yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına da böyük töhfələr verib. Zərifə Əliyeva oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadındır. Onun həyat ideyaları və şəxsiyyəti bu gün də müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir. Azərbaycan xalqına xas nəcib keyfiyyətlər, ali dəyərlər Zərifə Əliyevanın şəxsiyyətində cəmləşmişdi. İnsanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə xatirələrdə əbədi yaşayan Zərifə Əliyeva nümunəvi həyat yolu keçib.
Tədbirin sonunda Xocavənd rayon Mərkəzi Xəstəxana Publik Hüquqi Şəxsin direktoru Yaşar Mayıl oğlu Əhmədov rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə təşəkkürnamə ilə təltif edilib. Həmçinin YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.