YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Çin: münasibətlərdə birgəlik və yüksək inkişaf

Elnarə Akimova

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,

filologiya elmləri doktoru

Azərbaycan-Çin münasibətləri qədim və möhkəm təməllərə dayanır. Çin 27 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb. 2 aprel 1992-ci ildə isə Bakı ilə Pekin arasında diplomatik əlaqələr qurulub. İki ölkə arasında əlaqələrin qurulmasında və inkişaf etməsində Ümumilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu da xüsusi vurğulamaq lazımdır. Ulu Öndərin 1994-cü ilin mart ayında Çinə səfəri Azərbaycan və Çin arasında dərin əlaqələrin qurulmasına səbəb oldu. Bu səfər zamanı iki dövlət arasında 8 saziş imzalanıb.

Prezident İlham Əliyev də Çinlə münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət göstərir. Cənab Prezident İlham Əliyev 2005-ci il mart ayında Çinə ilk səfərini etdi. Bu səfər çərçivəsində də ikitərəfli əlaqələrin daha inkişaf etdirilməsi baxımından olduqca mühüm addımlar atıldı. Artıq uzun illərdir ki, Azərbaycan və Çin arasında siyasi, iqtisadi, mədəni, humanitar və bir çox sahədə yüksək səviyyəli əlaqələr mövcuddur. Üstəlik, Çin Ermənistan-Azərbaycan “Dağlıq Qarabağ” münaqişəsi zamanı da ölkəmizin ərazi bütövlüyünü və suverenliyinə dəstəyini ifadə edib. Ümumiyyətlə, Azərbaycan və Çin bir-birinin ərazi bütövlüyünü dəstəkləyir.

Bu gün Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, iki ölkə arasında müxtəlif istiqamətlərdəki münasibətlərin daha da inkişaf etməsi üçün perspektivlər var. Hazırda tərəflər arasındakı münasibətlər ən pik dövrünü yaşayır. Baxmayaraq ki, Azərbaycan və Çin münasibətləri hər zaman inkişaf dinamikasına sahib olub.

Bu gün Çin Azərbaycanın qarşısında duran əsas hədəflərdən biri olan Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir. Çünki bu layihə Pekin üçün də böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin açılması Çindən Avropaya uzanan yolun açılması baxımından da çox önəmlidir. Ona görə rəsmi Pekin ən yüksək səviyyədə Zəngəzur dəhlizinin açılaması təklifinə dəstəyini ifadə edir. 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Çinə səfəri iki ölkə arasındakı dost münasibətlərin zirvə məqamlarını yaşaması üçün böyük bir stimul olacaq. Dövlətimizin başçısının Pekində yüksək səviyyədə qarşılanması da iki ölkə arasındakı münasibətlərin hansı səviyyədə olduğunun əyani sübutudur. Bu səfər çərçivəsində Azərbaycan və Çin arasında 20-yə yaxın rəsmi sənəd imzalandı. Tərəflər arasında hərtəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanmasını xüsusi vurğulamaq lazımdır.

Həmçinin, iki ölkə arasında viza rejiminin ləğv olunması ilə yanaşı, bir sıra nazirliklər arasında əməkdaşlıq haqqında sənədlərin imzalanması da olduqca mühümdür. Ümumiyyətlə, bu gün iki ölkə başçısının Çində bir araya gəlməyi qlobal prioritetlərin formalaşmasında, bərabərliyə və inklüzivliyə əsaslanan dünyanın yaranmasında Qlobal Cənubun artan rolunu və təsirini əks etdirir.