YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir

“Azərbayanla Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir. Bu, iki dövlət və xalq arasında qarşılıqlı etimadın, dostluğun əlamətidir. Tarixən oxşar talelərdən keçən Azərbaycan və Gürcüstan ötən əsrin doxsanıncı illərinin əvvəllərində yenidən müstəqilliyə qovuşduqdan sonra da xalqlarımızın dostluq ruhuna sadiq qalmaqla münasibətlərini mehriban qonşuluq prinsipi əsasında daha da möhkəmləndiriblər”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Gürcüstanın yeni Prezidenti Mixail Kavelaşvilinin ilk xarici rəsmi səfərini Azərbaycana etməsi də dostluğumuzun göstəricisidir. Xatırladaq ki, 2024-cü ildə Gürcüstanın tarixində ilk dəfə yeni qayda ilə prezident seçkiləri baş tutub. Belə ki, ötən ilin dekabrın 14-də parlamentdə 300 nəfərdən ibarət seçki kollegiyası hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının namizədi Mixail Kavelaşvilini Gürcüstanın altıncı Prezidenti seçib. Prezidentin andiçmə mərasimi dekabrın 29-da baş tutub.

Millət vəkilinin sözlərinə görə, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin təməli 1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ilə qoyulub. Müstəqilliklərini bəyan etdikdən sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 18-də qurulub. İndiyədək ölkələrimiz arasında 125-dən çox sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Həmçinin 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılıb. Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək təcrübəsi var. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycan sözügedən sənədin lehinə səs verib. Eyni zamanda, Gürcüstanın nümayəndə heyəti 2024-cü ildə Avropa Şurasının müxtəlif qurumlarının təmsilçiləri ilə görüşlərdə Azərbaycan nümayəndə heyətinin geri qayıtması məsələsini aktuallaşdırıb, həmçinin  AŞPA-nın gündəliyinə ölkəmizin qatılmadığı debatların daxil edilməsinə etirazını bildirib. Qarşılıqlı dəstəklə  bağlı belə misalların sayı kifayət qədər çoxdur.

İqtisadi əlaqələrə gəlincə, bu gün Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları arasında ilk beşlikdə yer alır. İnvestisiya qoyuluşunun əhatə dairəsi getdikcə genişlənir. Hazırda Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkədir. İndiyədək respublikamızdan qonşu ölkəyə təxminən 3,6 milyard ABŞ dolları məbləğində investisiya qoyulub. İki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə bir milyard dolları ötüb.

Fatma Yıldırım qeyd edib ki, iqtisadi sektor Azərbaycan və Gürcüstanın strateji səviyyəyə yüksələn münasibətlərində mühüm yer tutur: “İki dost ölkə ticari, enerji, nəqliyyat və logistika sahələrində sıx əməkdaşlıq edirlər. Azərbaycanla Gürcüstanın iqtisadi sahədə əməkdaşlığı yalnız ikitərəfli məzmun daşımır. İndiyədək iki dost ölkə qardaş Türkiyə ilə birlikdə Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi kimi transmilli nəqliyyat və enerji layihələrini reallaşdırmağa nail olublar. Ölkələrimiz Orta Dəhlizlə daşımalara böyük tələbat yarandığını nəzərə almaqla Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılmasını hədəfləyən layihənin icrasını  tamamlayıblar. Bununla da Orta Dəhlizin funksionallığının artmasına yeni imkanlar yaranıb. İki ölkə arasında “yaşıl enerji” əməkdaşlığı da böyük perspektivlər vəd edir. Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın birgə həyata keçirdiyi “yaşıl enerji” dəhlizi layihəsinə qoşulmaq istəyən yeni ölkələr var. Bu dəhliz vasitəsilə respublikamızda bərpa olunan mənbələrdən alınan elektrik enerjisi Qara dənizin dibi ilə çəkiləcək kabel xətti ilə Avropaya ötürüləcək”.

DİGƏR Xəbərlər Arxiv