Xəbərlər
Füzulinin azad edilməsi şanlı ordumuza strateji üstünlük qazandırdı

Anar Məmmədov
Milli Məclisin deputatı
Füzuli şəhərinin azad olunması Azərbaycanın 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və uğurlu əməliyyatlarından biri idi. Füzuli ətrafında düşmənin 30 il ərzində qurduğu, hərbi ekspertlər tərəfindən çox möhkəm hesab edilən çoxqatlı müdafiə xətləri Azərbaycan Ordusu tərəfindən qısa müddətdə və yüksək peşəkarlıqla dəf edilərək böyük hərbi uğura imza atıldı. Bu, hərbi sənətdə böyük şücaət nümunəsi sayılırdı, çünki həmin istehkamların dağıdılması xarici mütəxəssislər tərəfindən belə, çox çətin və uzunmüddətli əməliyyat hesab olunurdu. Normal şəraitdə 30 il ərzində qurulmuş müdafiə xətlərini yarmaq üçün ən azı bir neçə ay vaxt lazımdır. Lakin qələbə əzmli Ali Baş Komandan və onun Müzəffər Ordusu müharibənin başlamasından bir ay keçməmiş onlarla kəndin, Cəbrayıl rayonun azad edilməsinin ardından Füzulini də düşmən işğalından azad etdi. Uzun illər işğal altında qalan bu şəhər 17 oktyabr 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən azad edilərək, ölkənin müasir dirçəliş və quruculuq simvollarından birinə çevrildi. Füzulinin azad edilməsi bizə həm mənəvi güc, həm də strateji üstünlük qazandırmışdır, çünki Şuşaya gedən ən qısa yol Füzuli şəhərindən keçdiyi üçün bu ərazinin azad edilməsi döyüşlərin gedişatında xüsusi əhəmiyyət kəsb etdi.
Füzuli şəhəri və rayonun böyük hissəsi 1993-cü il avqustun 23-də erməni silahlı qüvvələri tərəfindən işğal olundu. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək əlil, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edildi. Vətən müharibəsi nəticəsində ümumilikdə rayonun 62 yaşayış məntəqəsi işğaldan azad olundu. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər qazandırdı. 30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edildi, mədəni irsimizə böyük zərbə vuruldu, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qaldı.
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Digər işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, Füzuli də müasir tələblər səviyyəsində yenidən qurulur, sakinlərin burada rahat yaşayışı üçün bütün zəruri işlər görülüb və görülür. 2020–2025-ci illər ərzində dövlət başçısının Füzuliyə çoxsaylı səfərləri bu bölgənin Qarabağın sosial-iqtisadi mərkəzlərindən birinə çevrilməsini təmin edib. İlk olaraq 16 noyabr 2020-ci ildə Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılmış və Zəfər yolunun təməli qoyulmuşdur. Ardınca qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun, Füzuli şəhərinin Baş planının, xəstəxana və “Ağıllı kənd” layihələrinin təməlləri atılmışdır.
2021–2023-cü illərdə Prezident İlham Əliyevin iştirakı ilə Zəfər yolunun, Füzuli-Hadrut və Füzuli-Ağdam avtomobil yollarının, Füzuli Rəqəmsal Yarımstansiyasının, Peşə Liseyinin, yaşayış komplekslərinin və məktəblərin inşasına başlanmışdır. Cəmi 8 ayda tikilən və “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da istifadəyə verilmişdir.
Füzuli şəhəri beynəlxalq əməkdaşlıq məkanına çevrilmişdir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa olunmuşdur. Eyni zamanda Qırğızıstan, Belarus və Türkmənistan liderləri də Füzuliyə səfər edərək şəhərin bərpa planı ilə tanış olmuşlar. Ümumilikdə, torpaqlarımızın işğaldan azad edilməsindən ötən təxminən beş illik dövr, Qarabağ və Şərqi Zəngəzurda misilsiz və genişmiqyaslı bərpa və quruculuq təntənəsi ilə yadda qalıb.