YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Müstəqil Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı”

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə “Müstəqil Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı” adlı tədbir keçirilib.

Tədbirin rəsmi hissəsindən öncə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb.

Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Müstəqilliyin Bərpası Günü ilə bağlı videoçarx nümayiş olunub.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, “H.Cavid pr.25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış ediblər.

Çıxışlarda vurğulanıb ki, Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının tarixində milli qürurun, mübarizə ruhunun və dövlətçilik iradəsinin təntənəsidir. Bu gün xalqımızın müstəqillik yolunda keçdiyi şərəfli tarixi xatırladır. Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində müstəqilliyimiz daimi və dönməz xarakter aldı. Ümummilli Lider ölkəni xaosdan xilas edib möhkəm dövlət idarəçiliyi sistemi qurdu. Ulu Öndər Heydər Əliyev ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Bildirilib ki, 15 oktyabr 2003-cü il Azərbaycan dövlətçiliyi tarixində mühüm dönüş nöqtəsi kimi yadda qalıb. Həmin gün xalqın etimadı və dəstəyi ilə cənab  İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilərək Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi ölkənin inkişafına rəhbərlik etməyə başladı. 22 il ərzində əldə olunan möhtəşəm nailiyyətlər, güclənən dövlətçilik və artan beynəlxalq nüfuz bu seçimın tarixi doğruluğunu bir daha sübut edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi və hərbi gücünü daha da artırdı. Prezident İlham Əliyev iyirmi iki illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb.

Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir Ordu yaradılıb, ölkənin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Qeyd olunub ki, 2020-ci ildə qazanılan Şanlı Zəfər müstəqilliyimizin ən ali təzahürünə çevrildi. 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri ilə suverenliyimiz tam bərpa olundu. Bu, dövlətimizin ərazi bütövlüyünü və milli birliyini təmin edən tarixi hadisə idi.

Sonra partiya fəallarına fəxri fərman təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv