Xəbərlər
“Müstəqilliyimizin bərpası: Tariximizin şanlı dönüş nöqtəsi”

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Müstəqilliyimizin bərpası: Tariximizin şanlı dönüş nöqtəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədr müavini Səfalı Paşayev, partiya fəalları Şəhriyar Mübarizli, Şəbnəm Bayramova və digərləri bildiriblər ki, XX əsrin sonunda yaranan tarixi şərait Azərbaycana dövlət müstəqilliyini yenidən bərpa etmək imkanı verib. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən artıq 34 il ötür. Azərbaycanı müstəqilliyin bərpasına aparan yolda ilk rəsmi sənəd 1991-ci il avqustun 30-da qəbul olunub. Həmin gün Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılan növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul edilib. Ardınca isə 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul olunub və Azərbaycan Respublikası yenidən öz müstəqilliyinə qovuşub.
Sözügedən Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və 1991-ci il 30 avqust tarixli Bəyannaməyə istinad edilib, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit olunub. Beləliklə, Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bərpa edib.
Bu baxımdan, dövlətçilik tariximizdə mühüm yer tutan müstəqilliyin əldə olunması və bərpası kimi əlamətdar günlərin düzgün və dəqiq adlandırılması xüsusi əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən 15 oktyabr 2021-ci il tarixli “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı isə Müstəqilliyin Bərpası Günü elan edilib.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunması uğrunda apardığı qətiyyətli mübarizədən, ölkənin inkişafında yeni mərhələnin başlamasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan ətraflı bəhs edilib.