YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndərin yolu ilə: bərpa olunan müstəqillikdən güclü Azərbaycana”

Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon nümayəndəliyi ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ulu Öndərin yolu ilə: bərpa olunan müstəqillikdən güclü Azərbaycana” mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün əhəmiyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə qeyd edib ki, 18 oktyabr 1991-ci il – Azərbaycan xalqının əsrlərlə arzuladığı azadlığa və müstəqil dövlətçilik ideallarına qovuşduğu tarixi gündür. Həmin gün qəbul edilmiş “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” müasir Azərbaycan dövlətçiliyinin hüquqi əsasını təşkil edir. Bu sənədlə Azərbaycan xalqı bütün dünyaya bəyan etdi ki, öz sərhədləri, bayrağı, dili və milli maraqları ilə müstəqil bir dövlətdir.

Natiq Quluzadə çıxışında vurğulayıb ki, müstəqilliyin ilk illəri ciddi sınaqlarla müşayiət olunub. Separatçılıq meylləri, iqtisadi tənəzzül, siyasi böhran və idarəetmə böhranı ölkəni fəlakətə sürükləyirdi. Məhz belə bir məqamda xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Onun uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik bərqərar edildi, dövlət institutları formalaşdı, müstəqil Azərbaycanın əsasları möhkəmləndirildi. Heydər Əliyev müstəqilliyi yalnız siyasi reallıq kimi deyil, milli ideologiya kimi möhkəmləndirdi.

Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Azərbaycanın regional liderə çevrilməsi, beynəlxalq aləmdə etibarlı tərəfdaş statusu qazanması, iqtisadi və diplomatik sahələrdə əldə olunan nailiyyətlər dövlət müstəqilliyimizin gücünü və dayanıqlığını əks etdirir.

Xüsusilə 2020-ci il Vətən müharibəsində əldə olunan tarixi Qələbə və 2023-cü ildə ölkənin tam suverenliyinin bərpası Azərbaycanın gücünü, xalqımızın birliyini və müstəqillik əzmini bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər müstəqilliyimizin siyasi, hərbi və mənəvi zirvəsi kimi tarixə düşüb.

Tədbirdə çıxış edən Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon nümayəndəliyinin baş məsləhətçisi Mehman Nəsirov və digərləri qeyd ediblər ki, bu gün hər bir Azərbaycan vətəndaşı müstəqil dövlətə mənsub olmağın qürurunu yaşayır. Müstəqillik xalqımızın ruhunun, mədəniyyətinin və birliyinin ən ali ifadəsidir. Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu ilə irəliləyən Azərbaycan bu gün həm iqtisadi, həm də mədəni sahədə mühüm nailiyyətlər əldə edib.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv