YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətənə misilsiz xidmət nümunəsi

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür. Zərifə Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. Atası - görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.

1950-ci illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdır. Xəstəliyə qarşı təsirli müalicə üsulları isə yox idi. Xəstəliyə görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə ölkə səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim respublikanın şəhər və rayonlarını gəzir, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirlər həyata keçirirdi. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Z.Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafata layiq görülmüşdür. Qeyd olunmalıdır ki, professor Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın idi. 1983-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Azərbaycan səhiyyəsi qarşısında danılmaz, böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.

Zərifə xanım səhiyyə və elm sahəsində danılmaz xidmətləri ilə yanaşı sədaqətli həyat yoldaşı və gözəl ana kimi də milli-mənəvi dəyərlərimizə töfhə verən Azərbaycan xanımıdır. Zərifə xanımın qısa, lakin mənalı ömrü barədə onu tanıyanların xatirələrini, ürək sözlərini Ulu Öndər, Zərifə xanımın sədaqətli həyat yoldaşı Heydər Əliyev çıxışlarının birində çox mükəmməl ifadə etmişdir.

Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olmuş akademik Zərifə Əliyevanın şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün yüksək mənəviyyat nümunəsi, kamillik məktəbidir. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.