YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatının ərazi partiya təşkilatında tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 121” ünvanı (SOCAR) üzrə ərazi partiya təşkilatında tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının “Heydər Əliyev prospekti 121” ünvanı (SOCAR) üzrə ərazi partiya təşkilatının sədri, SOCAR Mərkəzi Arxivinin müdiri Ağaəli Hüseynov hesabat məruzəsi ilə çıxış edərək ötən dövr ərzində görülmüş işlər, həyata keçirilən təşəbbüslər və təşkilatın fəaliyyəti barədə ətraflı məlumat verib.

Daha sonra YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev, eləcə də SOCAR Baş ofisinin Həmkarlar Təşkilatının sədri Nazim Vəliyev çıxış edərək bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan Yeni Azərbaycan Partiyası ötən illər ərzində böyük və şərəfli inkişaf yolu keçərək cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. Qeyd olunub ki, ümumxalq partiyasına çevrilən YAP cənab İlham Əliyevin sədrliyi ilə son 20 ildə mühüm nailiyyətlər əldə edib, partiyanın fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması və institusional potensialının gücləndirilməsi istiqamətində zəruri addımlar atılıb.

Sonra təşkilati məsələlərə baxılıb. SOCAR Aparatının rəhbəri Hafiz Zeynalov ərazi partiya təşkilatının sədri, şirkət prezidentinin müşaviri Racu Vəliyev isə sədr müavini seçilib.

Göstərilən etimada görə təşəkkürünü bildirən Hafiz Zeynalov çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev ən çətin və məsuliyyətli dövrdə böyük uzaqgörənliklə müstəqil Azərbaycanın möhkəm təməlinin qoyulmasını və milli inkişaf strategiyasının formalaşdırılmasını təmin edib. O, həmçinin YAP-ın ölkəmizin davamlı və dayanıqlı inkişafındakı mühüm rolundan bəhs edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsədlər ətrafında birləşdirir.

Daha sonra YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Tədbir çərçivəsində iştirakçılar Azərbaycan Nefti sərgisi ilə də tanış olublar.