Xəbərlər
“Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu”
Bakı Dövlət Universitetində (BDU) “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət quruculuğu” mövzusunda tədbir təşkil olunub.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
“Z.Xəlilov küç.33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın hüquqi dövlət kimi formalaşmasının əsasını qoymuş böyük siyasi xadimdir. Onun hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik təmin edilib, hüquqi dövlət quruculuğu istiqamətində mühüm addımlar atılıb. 1995-ci ildə qəbul olunmuş Konstitusiya hüquqi dövlətin möhkəm təməlini yaradıb, vətəndaş hüquq və azadlıqlarının qorunması prioritetə çevrilib, məhkəmə-hüquq sistemi yenidən qurulub, dövlət idarəçiliyində şəffaflıq və məsuliyyət artırılıb. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir və Qarabağın azad olunması ölkədə hüquqi dövlət quruculuğunun uğurla başa çatdığını göstərir.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğunun memarı kimi tarixə düşmüşdür. Onun rəhbərliyi ilə dövlətçilik ənənələri möhkəmləndirilib, qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırılıb, insan hüquqları dövlət siyasətinin əsas istiqamətinə çevrilib. 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan zəfərlər hüquqi dövlət quruculuğu prosesində dönüş nöqtəsi hesab olunur.
YAP Veteranlar Şurasının üzvü, BDU-nun Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri Misir Mərdanov bildirib ki, Ulu Öndər Heydər Əliyev hüquqi dövlət quruculuğunu strateji hədəf kimi müəyyən edib. Onun təşəbbüsü ilə həyata keçirilən qanunlar dövlətin möhkəmlənməsinə xidmət edib, demokratik prinsiplər tətbiq olunub, vətəndaşların hüquqları qorunub və hüquqi maarifləndirmə işi genişləndirilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Qarabağın azad edilməsi Azərbaycanın suveren hüquqlarının bərpası deməkdir.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hüquqi dövlət quruculuğunda müstəsna rol oynamış, dövlət idarəçiliyində qanunçuluq prinsipi möhkəmləndirilmiş, hüquqi sistem təkmilləşdirilmiş və insan hüquqlarının müdafiəsi gücləndirilmişdir. Qarabağda əldə olunan zəfər bu siyasətin nəticəsi olaraq Azərbaycanın bütün ərazilərində hüquqi sistemin bərqərar olduğunu göstərir.
Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev hüquqi dövlət ideyasını Azərbaycanın inkişaf strategiyasına çevirmişdir. Onun həyata keçirdiyi islahatlar dövlətçiliyin möhkəmlənməsinə səbəb olub, qanunvericilik bazası gücləndirilib, insan hüquqları qorunub və hüquqi dövlət prinsipləri cəmiyyətə aşılanıb. Qarabağın azad edilməsi milli qürur mənbəyi olmaqla yanaşı, hüquqi dövlətin gücünü bir daha bütün dünyaya göstərdi.
Cinayət prosesi kafedrasının professoru Midhət Qəfərov və Cinayət hüququ və Kriminologiya kafedrasının dosenti Məleykə Bayramova çıxışlarında Ümumilli Liderin hüquqi dövlət quruculuğundakı rolunu, qanunçuluq prinsiplərinin möhkəmləndirilməsini, hüquqi islahatların genişləndirilməsini və Qarabağın azad olunmasının konstitusion hüquqların təminatında əhəmiyyətini qeyd ediblər.
Çıxışlardan sonra Hüquq fakültəsinin professoru Əfsər Sadıqova 60 illik yubileyi münasibətilə və partiyada ictimai-siyasi fəaliyyətinə görə fəxri fərman təqdim olunub.
