Xəbərlər
İqtisadiyyatın şaxələndirilməsində enerji ehtiyatlarının ixracı başlıca amildir

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Aprelin 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında çıxış edən Prezidenti İlham Əliyev Azərbaycanın təşəbbüsü və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantının enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynadığını vurğulayıb. Dövlətimizin başçısı başçısı qeyd edib ki, vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsi, ikinci məqsədin isə özləri, qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etmək olduğunu bildirib.
“Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir” - deyən Prezident İlham Əliyev qeyd edib ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Dövlət başçısı həmçinin sənaye təhlükəsizliyi haqqında da danışıb. Sənayeni inkişaf etdirmək üçün enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələrin lazım olduğunu, Azərbaycanın isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısı olduğunu bildirib.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Dövlətimizin başçısı Avropada qaz təchizatımızın coğrafiyasının birmənalı olaraq genişlənəcəyini, buna səbəb isə bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında Azərbaycanın iştirak etməsidir: “Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək”.
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizini hamı üçün böyük uğur hekayəsi olduğunu vurğulayıb. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sisteminin bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsinin tam dolu işlədiyini diqqətə çatdıran dövlətimizin başçısı onların genişləndirilməsinin vacibliyini bildirib.
AÇG, “Şahdəniz” və “Abşeron” - bütün bunlar bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır, bir neçə ildən sonra bir çox digər neft-qaz yataqlarının da istismarına başlanılacaq.
Azərbaycan Prezidenti çıxışında bildirib ki, Azərbaycan və Avropa Komissiyası energetika sahəsində strateji tərəfdaşlıqla bağlı memoranduma imza atdıqdan sonra ölkəmizin Avropaya qaz təchizatı təxminən 60 faiz artib. Azərbaycanın Avropaya qaz təchizatı 2021-ci ildə təxminən 8 milyard kubmetr idi isə, ötən il demək olar ki, 13 milyard kubmetr olub. Bu da Azərbaycanın ümumi ixracatının təxminən yarısından çoxdur. Bu, 25 milyard kubmetrdir və bundan sonra da artacaq.
Prezident İlham Əliyev Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağda bərpa olunan enerji mənbələrinin potensialından da bəhs edib. Dövlət başçısı bu ərazilərdə 30-dan çox kiçik su elektrik stansiyasının istismara verildiyini, 270 meqavatlıq su elektrik stansiyalarının qurulduğunu və maksimum növbəti beş ildə bu rəqəmin 500 meqavata çatdırılacağını, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialının yaranacağını bildirib.