Xəbərlər
“Yeni Azərbaycan Partiyası - xalqın inam və etimad ünvanı”
Göygöl rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 33 illiyinə həsr olunmuş “Yeni Azərbaycan Partiyası - xalqın inam və etimad ünvanı” mövzusunda konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, Ümummilli Liderin xatirəsinə dərin hörmət və ehtiram ifadə olunub.
Konfransda YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, partiyanın Mərkəzi Aparatının Gəncə-Daşkəsən İqtisadi Rayonu üzrə məsul əməkdaşı Araz Salmanov və YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov iştirak edib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ardınca Yeni Azərbaycan Partiyasının yaradılmasının 33 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub.
Giriş sözü ilə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yarandığı gündən xalqın inam və etimad ünvanına, ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan və gəlcək hədəflərdən danışıb, bütün mənalı ömrünü xalqına həsr etmiş, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söhbət açıb. Partiyanın 33 illiyinin Konstitusiyanın qəbul edilməsinin 30-cu, şanlı Zəfərin isə 5-ci ildönümünün qeyd olunduğu əlamətdar bir vaxta təsadüf etdiyini qeyd edən təşkilat sədri bu illər ərzində Azərbaycanın əldə etdiyi böyük nailiyyətlərin Ulu Öndər Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə birbaşa bağlı olduğunu vurğulayıb.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Yeni Azərbaycan Partiyasının 33 illiyi münasibətilə konfrans iştirakçılarını təbrik edərək bildirib ki, yarandığı vaxtdan etibarən qısa müddət ərzində təşkilatlanaraq xalqın etimadını qazanan YAP ilk öncə ölkədəki xaos və böhranların aradan qaldırılmasında mühüm rol oynayıb: “Partiyanın yaradıcısı, Ulu Öndərin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanma təhlükəsindən xilas edib, ictimai-siyasi sabitliyin formalaşmasına zəmin yaradıb. Ulu Öndər Heydər Əliyev dövlət müstəqilliyini qoruyaraq, ölkəni misilsiz inkişaf yoluna çıxarıb. Prezident İlham Əliyev isə ölkəmizi zəfərdən-zəfərə çatdırıb. Qədirbilən xalqımız Ümummilli Liderin əziz xatirəsini uca tutaraq, daim hörmət və ehtiramla anacaq, dövlət başçısının ətrafında hər zaman sıx birləşəcəkdir”.
YAP İdarə Heyətinin üzvü Bayram Aslanov çıxış edərək 33 il öncə məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında yaranan Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını, xalqımızın yeni dövrə qədəm qoyduğunu, ölkəmizin davamlı yüksəliş yolunda inamla irəlilədiyini qeyd edib.
Tədbirdə digər natiqlər Nuranə Quliyeva və Pərvin Rəhimli Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə, dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib və bu nailiyyətlərin əsasını xalqa xidmət prinsipi təşkil edir.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən partiya fəallarından bir qrupuna YAP Göygöl rayon təşkilatının fəxri fərmanları və təşəkkürnamələri, partiya sıralarına yeni qəbul olunmuş bir qrup şəxsə isə üzvlük vəsiqələri təqdim edilib.
Konfransa Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.
