Xəbərlər
Salyanda şəhid ailələri ziyarət olunub
Salyan rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü ildönümü ilə əlaqədar şəhidlər Alməmməd Qərib oğlu Babayev və Zəmanət Gülhəsən oğlu İbrahimovun ailələri ziyarət olunub.
Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Kərimov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin sədri Günaydın Əhədova, eləcə də partiya fəalları iştirak ediblər.
Ziyarət zamanı çıxış edən natiqlər şəhidlərin keçdiyi şərəfli döyüş yolundan, onların Vətənə olan sarsılmaz sevgisindən və göstərdikləri fədakarlıqlardan bəhs ediblər. Qeyd olunub ki, şəhidlərin qəhrəmanlığı gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir və xalqımızın yaddaşında daim yaşayacaqdır.
Görüş çərçivəsində, həmçinin şəhid Alməmməd Babayevin anadan olmasının 25-ci ildönümü qeyd edilib. Bununla yanaşı, YAP sıralarına yeni qəbul olunmuş şəhid ailələrinə partiya vəsiqələri təqdim edilib. Diqqətə çatdırılıb ki, bu kateqoriyadan olan şəxslər dövlət tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunub.
Şəhidlərin valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
