Xəbərlər
Yeni layihələr müştərək məqsədlərə yol açır

Arif Fərzəliyev
YAP Cəbrayıl rayon təşkilatının sədri
Aprelin 4-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları Azərbaycan üçün enerji geosiyasətində yeni bir mərhələnin başlanğıcıdır. Tədbirdə iştirak edən Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Bu ifadə Azərbaycanın enerji siyasətinin əsasını təşkil edir.
Tədbir çərçivəsində Avropa ilə əməkdaşlığın gələcəyi müzakirə edilib. Azərbaycan təbii qaz təchizatı sahəsində mövqeyini gücləndirərək daha geniş bazarlara, xüsusən də Avropaya qaz ixracını artırmağı hədəfləyir. Gələcəkdə bu qaz təchizatının daha çox şəbəkələrlə inteqrasiya edilməsi gözlənilir. Yaşıl enerji sahəsində Azərbaycanın atdığı addımlar da bu perspektivə uyğun olaraq həyata keçirilir. 2030-cu ilədək 6 giqavatlıq günəş və külək enerjisi istehsalı hədəfi Azərbaycanı Avropa və Asiya arasında mühüm enerji təchizatçısına çevirəcək. Bununla yanaşı, su elektrik stansiyalarının qurulması və bərpa olunan enerjinin inkişafı ölkəmizin enerji təchizatının dayanıqlı və təmiz olmasına kömək edəcək.
Yaşıl enerji Azərbaycanın gələcək enerji siyasətinin mərkəzində dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan karbon emissiyalarının azaldılması və bərpa olunan enerji mənbələrinə keçid üçün müxtəlif strateji addımlar atır. 2030-cu ilədək enerji sektorunda yaşıl enerji həllərinə yatırılan sərmayələr ölkənin dayanıqlı inkişafına, həmçinin beynəlxalq təzyiqlərə qarşı dirənəkliliyinə mühüm təsir edəcək. Prezident İlham Əliyev deyib: “Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır. Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də bizə daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Hesab edirəm ki, bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir...”.
Bu çıxış Azərbaycanın yaşıl enerji sahəsindəki strateji məqsədlərini və beynəlxalq enerji bazarındakı yeni mövqeyini əks etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, yaşıl enerji yalnız ekoloji deyil, həm də iqtisadi baxımdan mühüm əhəmiyyətə malikdir. Yaşıl enerjinin inkişafı Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və ekoloji problemlərin həllinə mühüm töhfə verir. Bununla yanaşı, Azərbaycan Avropa ilə bərpa olunan enerji sahəsində də yeni əməkdaşlıq imkanları əldə edir.
Bərpa olunan enerji potensialına gəldikdə qeyd etmək lazımdır ki, Azərbaycanın yaşıl enerji sahəsindəki potensialı, xüsusilə günəş və külək enerjisi üzrə çox böyükdür. Yaşıl enerjinin istehsalı Azərbaycanın xarici bazarlara ixracını artıracaq.