Xəbərlər
Tarix heç nəyi silmir

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. 1918-ci ilin mart hadisələri tarixdə yalnız mülki əhaliyə qarşı törədilmiş soyqırımı kimi tanıdılmamalıdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.
Göründüyü kimi, soyqırımın miqyası olduqca böyükdür. Bunu ört-basdır etmək nə dərəcədə realdır? Ulu Öndər Heydər Əliyevin 26 mart 1996-cı il tarixli Fərmanı ilə 31 Mart tarixinin Azərbaycanlılarının Soyqırımı Günü elan edilməsi yaşadığımız hər bir facənin əsaslı şəkildə dünya ictimaiyyətinə çatdırılmasında öz sözünü deyir. Hər il bu mühüm hadisənin qeyd edilməsi Azərbaycan həqiqətlərinin təbliği, erməni vəhşiliklərinin ifşası yönümündə atılan addımların təqdimatı olur. Ümummilli Lider Heydər Əliyev bildirmişdir: “1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.”
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, eyni zamanda, “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı çoxəsrlik tariximizin hər bir səhifəsinin vərəqlənməsində, o cümlədən 1918-ci ilin mart hadisələrinin bir daha beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı. Ötən 20 ildən artıq dövrdə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart - aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib. O da məlumdur ki, 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrında açılışı olmuşdur. Prezident İlham Əliyev Soyqırımı memorial kompleksinin açılışı zamanı demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Qubada, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”
Ümummilli Lider Heydər Əliyev “Tarix heç nəyi silmir” söyləyərək tarixi araşdırmaların daha da genişləndirilməsini, tariximizi özündə əks etdirən kitabların müxtəlif dillərdə çap olunub dünya ictimaiyyətinə çatdırılmasını ən vacib məsələ kimi qarşıya qoymuşdur. Ulu Öndərin bu çağırışının davamı olaraq Prezident İlham Əliyev 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş illik ümumi yığıncağındakı çıxışında Azərbaycanın çox zəngin tarixə malik olduğunu önə çəkərək bildirdi ki, biz öz tariximizi, reallıqlarımızı dünya miqyasında daha da dolğun təqdim etməliyik: “Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar nəşr edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir.”