Xəbərlər
Xətai rayonunda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının, Xətai Rayon İcra Hakimiyyətinin və SOCAR “Neftqaztikinti” trestinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Pərvanə Vəliyeva, SOCAR “Neftqaztikinti” trestinin müdiri Qağaməli Seyfullayev, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xətai rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Tural Əhmədli çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial və iqtisadi həyatında fəal iştirak edirlər. Gənclərə göstərilən dövlət qayğısı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilən gənclər siyasətinin əsas prioritetlərindəndir. Bu gün Azərbaycan gəncliyi yüksək intellektual səviyyəsi, vətənpərvərliyi və təşəbbüskarlığı ilə seçilir, ölkənin davamlı inkişafına öz töhfələrini verir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində gənclərin mükəmməl təhsil alması, peşəkar kadr kimi formalaşması və cəmiyyətin bütün sahələrində fəal iştirakı üçün geniş imkanlar yaradılmışdır. Gənclər üçün yaradılan müasir təhsil imkanları, startap və innovativ təşəbbüslərə verilən dəstək onların potensialının üzə çıxarılmasına xidmət edir.
Gənclərimizin beynəlxalq arenalarda qazandığı uğurlar, müxtəlif sahələrində əldə etdikləri nailiyyətlər Azərbaycan dövlətinin gücünü və gələcəyə olan inamını nümayiş etdirir.
Diqqətə çatdırılıb ki, gənclərin intellektual səviyyəsinin artırılması, sağlam həyat tərzinin təşviqi, onların ictimai-siyasi həyatda fəal iştirakının təmin edilməsi məqsədilə ölkə üzrə çoxsaylı layihələr və proqramlar həyata keçirilir. Xətai rayonunda da gənclərin asudə vaxtının səmərəli təşkili, idman və yaradıcılıq fəaliyyətlərinə cəlb olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Natiqlər gəncləri milli-mənəvi dəyərlərə sadiq qalmağa, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə daha fəal olmağa çağırıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda ictimai-siyasi fəallığı ilə seçilən bir qrup gəncə fəxri fərman təqdim edilib.
