Xəbərlər
Milli Məclisin deputatı seçicilərlə görüşüb

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Kırna kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib. Görüşdə Qızılca kəndindən olan seçicilər də iştirak ediblər.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Millət vəkili, həmçinin Kırna kəndindən olan şəhid Ramazan Əbülfət oğlu Göydağlı, Qızılca kəndindən olan şəhid Kənan Əbdürrəhman oğlu Rzayev, Əbrəqunus kəndindən olan şəhid Miryasin Mirqafar oğlu Seyidov və Saltaq kəndindən olan şəhid Amin Mayis oğlu Gülməmmədovun ailələrini evlərində ziyarət edib.
Görüşlərdə Vüqar Rəhimzadə bildirib ki, dövlətimiz və xalqımız torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının qəhrəmanlığını hər zaman yüksək qiymətləndirir, onların xatirəsini daim əziz tutur. Şəhidlərimizin həyat yolu indiki və gələcək nəsillər üçün nümunədir.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.