Xəbərlər
Azərbaycanda qadın hüquqlarının müdafiəsi yüksək səviyyədə təmin olunub

Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Bəşəriyyət tarixində ən əlamətdar bayramlardan biri olan 8 Mart - Beynəlxalq Qadınlar Günü hər il müxtəlif dünyanın müxtəlif ölkələrində, eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur. Qadınlarımız bütün dövrlərdə öz istedadı, parlaq zəkası, güclü iradəsi və mübarizə əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstəriblər.
Azərbaycan qadınları dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Tarixən Azərbaycanda qadına daim böyük ehtiram və hörmət bəslənmiş, ana həmişə müqəddəs olmuş, namus, qeyrət rəmzi sayılıb. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadınları bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. Onlar taleyüklü məsələlərin həllinə sanballı töhfələr verir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edib.
Ölkəmizdə dövlət gender siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayıraraq, onların hərtərəfli fəaliyyətinə geniş meydan vermiş, lider qadınlar yetişdirmişdir. Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 6 mart 2000-ci il tarixli Fərmanın icrası ilə əlaqədar olaraq aparılan uğurlu işlər belə statistik nəticəyə gəlməyə əsas verir ki, respublikada qadınların təhsil, məşğulluq, sahibkarlıq fəaliyyəti, rəhbər vəzifələrdə təmsil olunma səviyyəsi əvvəlki illərə nisbətən getdikcə yüksələn xətt üzrə inkişaf edir.
Ümummilli Lider Heydər Əliyev 8 Mart - Beynəlxalq Qadınlar bayramı ilə bağlı demişdir: “Bu bayram, doğrudan da bizim bütün bayramlarımız içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar”.
Ulu Öndərin müəyyən etdiyi dövlət gender siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınlarının cəmiyyətdə yeri və nüfuzu daha da artmışdır. Azərbaycanı dünyaya tanıtdırmış mədəni layihələr, xalqımızın dini dəyərlərinə göstərilən qayğı, savadlı, peşəkar, sağlam nəslin formalaşmasına xidmət edəcək önəmli təşəbbüslər, əhalinin həssas təbəqəsinə göstərilən xüsusi diqqət, ölkəmizin dünyada mədəniyyət carşısı, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq məkanı kimi təqdim olunması Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir daha yüksək idarəçilik qabiliyyətinə malik, xalqın sevgisini və rəğbətini qazanmış əsl Azərbaycan qadını olduğunu sübut etmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər də əsl örnəkdir.
Qadınlarımız ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir.
8 Mart həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və onların xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Artıq onlar beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edirlər. Çünki qəhrəman analarımızın sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edərək, Azərbaycanın ərazi bütövlüyünü təmin etdilər.
Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq. 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə bütün qadınları təbrik edir, onlara ailə səadəti, sağlamlıq, fəaliyyət göstərdikləri sahədə nailiyyətlər arzulayıram.