Xəbərlər
Dayanıqlı iqtisadi inkişaf: güclü dövlət və sosial rifah
Azərbaycan dayanıqlı iqtisadi inkişafı, təkmil inkişaf modeli ilə daim dünyanın diqqətindədir. Ölkəmizin dünya ictimaiyyətinin diqqət mərkəzində olmasının əsas səbəbi odur ki, hər dövrün çağırışları yüksək səviyyədə yerinə yetirilir, islahatlar davamlı xarakter alır. Prezident İlham Əliyevin çağırışlarında bu məqam xüsusi qeyd edilir ki, hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq. Ancaq əgər biz oturub bütün günü o dövr haqqında danışsaq, gələcək haqqında düşünməsək, onda nə olacaq. Biz gələcək haqqında düşünməliyik. Biz zamanı qabaqlamalıyıq.
Dövlət başçısı İlham Əliyev 2003-cü ildə iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasına çağırış etdi və “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürdü. Hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadəyə hədəflənən regional inkişaf Proqramını təsdiqlədi. Tarixi Zəfərimizədək regionların sosial-iqtisadi inkişafına dair 4 Dövlət Proqramı qəbul edildi və uğurla icra olundu. Həmin sənədlərdə hər bir bölgənin malik olduğu təbii resurslar və onlardan səmərəli istifadənin icra mexanizmləri öz əksini tapdı. Təbii ki, infrastruktur layihələrinin icrası əsas prioritetlər sırasında idi. Məqsəd bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün zəruri olan işlərin görülməsi, iş adamlarına hərtərəfli diqqətin göstərilməsi idi. Prezident İlham Əliyev hələ 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildiyi ilk günlərdə hədəfləri açıqlayarkən güclü sahibkarlar sinfinin yaradılacağını xüsusi qeyd etmişdi. Bu gün artıq bu hədəfin reallığa çevrildiyini, sahibkarlara dövlətin diqqət və qayğısının davamlı olduğunu, Azərbaycanın biznes imkanlarının gündən-günə artdığını əminliklə qeyd edirik.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, dövlət başçısı İlham Əliyevin tarixi Zəfərimizdən sonra təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, həmçinin bu günlərdə imzaladığı “Etibarlı Tərəfdaş Konsepsiyası”nın təsdiq edilməsi haqqında Sərəncam da bunun bariz nümunəsidir. Sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin və şəffaflığının artırılması, eləcə də iqtisadiyyatın dayanıqlı inkişafının təmin edilməsi məqsədilə təsdiqlənən bu Konsepsiya gömrük-biznes əməkdaşlığı çərçivəsində idarəetmənin təkmilləşdirilməsini, xarici iqtisadi fəaliyyətin beynəlxalq ticarət-təchizat zəncirinin yeni tələblərinə uyğunlaşdırılmasını və ticarətin asanlaşdırılmasını hədəfləyir. Sahibkarlıq sahəsində aparılan islahatlar yeni iqtisadi sahələrin inkişaf etdirilməsinə, daha çevik ixrac mexanizmlərinin formalaşdırılmasına, “Made in Azerbaijan” brendinin beynəlxalq ticarət platformalarında təşviqinə dəstək mexanizminin qurulmasına və sair kimi məqsədlərə nail olmağa şərait yaradıb. “Etibarlı Tərəfdaş Konsepsiyası”nda qeyd edildiyi kimi, digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da gömrük xidmətlərinin modernləşdirilməsinə xidmət edən etibarlı tərəfdaşlıq modelinin tətbiqi ölkəmizin iqtisadi inkişafında və qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər. Bu baxımdan bu sahədə sistemli yanaşmanı özündə ehtiva edən milli konsepsiyanın hazırlanması zərurəti yarandı.
Vüqar Rəhimzadə vurğulayıb ki, iqtisadiyyatı düzgün əsaslar üzərində qurulması Azərbaycanın dayanıqlı inkişafını şərtləndirən əsas amillər sırasındadır. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə verdiyi xüsusi önəm Ulu Öndərin bugünümüzə hesablanmış mühüm addımları sırasındadır. Azərbaycan öz təbii resurslarından səmərəli istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu qlobal enerji layihələrini reallığa çevirməklə etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Regional çərçivədə qurulan əlaqələrin coğrafiyası faha da genişlənir, dövrün çağırışlarına uyğun olaraq yeni əməkdaşlıq formatları yaradılır. Hazırkı dövrün əsas çağırışlarından biri, təbii ki, yaşıl enerjiyə keçiddir. Azərbaycan bu sahədə də zəngin potensiala malikdir. Ötən il planetimizə səs salan, dünyanı Bakıya toplayan COP29 tədbiri Azərbaycanın beynəlxalq təqdimatı oldu. Ölkəmizin etibarlı tərəfdaş kimi nüfuz qazanması, beynəlxalq səviyyədə mövqeyini möhkəmləndirməsi həm iqlim konfransının uğurlu nəticələrində, həm də istər bu mötəbər tədbir çərçivəsində, istərsə də ondan sonra imzalanan sənədlərdə özünün aydın ifadəsini tapdı. Azərbaycan bir daha çoxtərəfliliyin tərəfdarı olduğunu dünyaya nümayiş etdirdi.
Milli Məclisin deputatı bildirib ki, dayanıqlı iqtisadi inkişafın əsas göstəricilərindən biri işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləridir. Son beş ildə görülən işlərin miqyasının ölçüyəgəlməzliyi 6 şəhərin, 2 qəsəbənin və 20-dən artıq kəndin sakinlərinə qovuşmasında əksini tapıb. Azərbaycanın dünya hərb tarixində ilkə imza ataraq müharibədən dərhal sonra azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlaması beynəlxalq səviyyədə təqdir edilir. Bu ərazilərdə də əsas diqqət göstərilən məsələlərdən biri infrastruktur layihələrinin uğurlu icrasıdır. Yeni avtomobil, dəmir yolları çəkilib, beynəlxalq hava limanları tikilib istifadəyə verilib. Qısa zamanda bu ərazilərdə üç Beynəlxalq Hava Limanının istifadəyə verilməsi Azərbaycanın iqtisadi imkanlarının, tarixi sahibinə qovuşan Qarabağ və Şərqi Zəngəzurun coğrafi mövqeyinin böyük əhəmiyyət daşıdığının, eyni zamanda, bu torpaqlarda dayanıqlı inkişafın təmin edilməsinə geniş imkanlar yaradacaq böyük iqtisadi potensialın mövcudluğunun nümayişidir. Dövlət başçısı İlham Əliyevin ötən il yeni dövrün mühüm hadisələri sırasında xüsusi yer tutan 7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində vurğuladığı kimi, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, həm də turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir.
Vüqar Rəhimzadə qeyd edib ki, davamlı islahatlar, şəffaflığın təmin edilməsi, idarəçilikdə səmərəliliyin artırılması və sair kimi amillər Azərbaycanın daim inkişaf modelinə yeniliklər gətirir, təkmilləşməni bir zərurətə çevirir. Bugünədək əhalinin rifah halının yüksəlməsinə xidmət edən beş sosial paketin icrası də ölkəmizin dayanıqlı inkişafının təqdimatında əhəmiyyətli rol oynayır. Gələn ilin dövlət büdcəsinin sosialyönümlülüyünün təmin edilməsi özündə mühüm məqamları ehtiva edir. Əsas hədəf vətəndaş məmnunluğunun daha da artırılması, insanların yüksək rifahının təmin edilməsidir. Özünüməşğulluq proqramının uğurlu icrası da bu məqsədə xidmət edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərə diqqət yetirsək indi və gələcəkdə bu ərazilərdə yaşayacaq soydaşlarımızın məşğulluğunun təmin edilməsinin əsas prioritetlər sırasında olduğunu görərik.
Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə vurğulayıb ki, “Etibarlı Tərəfdaş Konsepsiyası” adından da göründüyü kimi, Azərbaycanın regionda və dünyada möhkəmlənən iqtisadi və siyasi mövqeyinə yeni əlavələr gətirəcək. Bir sözlə, atılan addımlar, imzalanan sənədlər bir daha təsdiqləyir ki, ölkədə iqtisadi təhlükəsizliyin möhkəmləndirilməsi, qlobal tədarük zəncirlərində dayanıqlığın artırılması və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi əsasdır.
