Xəbərlər
Çoxqütblü dünyada Azərbaycanın siyasi-iqtisadi perspektivləri

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində olduqca mühüm məqamlara toxunub, Azərbaycan-Çin münasibətlərindən bəhs edib. Dövlətimizin başçısı ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsini son illərin ən mühüm nailiyyəti olaraq vurğulayıb.
Cənab İlham Əliyev çoxqütblü dünyada Azərbaycanın yerinin harada olması ilə bağlı aparıcının sualını cavablandırması müsahibədə diqqət çəkən məqamlardan biri olub. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ən başdan, müstəqilliyimiz bərpa ediləndən bəri olduğu yerdədir. “Biz güclü iqtisadiyyat, yeri gəlmişkən, özünü təmin edən iqtisadiyyat qurduq. Ümumi daxili məhsula nisbətdə xarici borcun səviyyəsi çox aşağıdır, cəmi 6,9 faizdir” - deyən Azərbaycan Prezidenti bildirib ki, buna əsaslanaraq biz regionda bağlantılar yaradan genişmiqyaslı layihələr həyata keçirmişik və aid olduğumuz Cənubi Qafqaz və Xəzər regionunda etibarlı mövqe tutmuşuq.
Bu müsahibədə diqqət çəkən məqamlardan biri də Ümumdünya Ticarət Təşkilatı ilə bağlı dövlət başçısının səsləndirdiyi fikirlər olub. Cənab İlham Əliyev qeyd edib ki, Azərbaycan hələ də Ümumdünya Ticarət Təşkilatının üzvü deyil, baxmayaraq, uzun illərdir, bir neçə onilliklərdir ki, danışıqların aktiv mərhələsindədir: “Bu prosesin məntiqi yekunlaşmamasının səbəbi sırf proteksionizm, ikili standartlar, tariflərdir - bütün bunlar Ümumdünya Ticarət Təşkilatının təməl dəyərlərinə ziddir. Bu ölkələr öz bazarlarını qorumaq üçün tarifləri tətbiq edir, proteksionizm üsullarından istifadə edirlər və bu da Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə tamamilə ziddir. Buna görə də danışıqlar prosesindəyik. Lakin, eyni zamanda, üstünlükləri və zəif tərəfləri ciddi qiymətləndiririk. Narahat edən məqamlardan biri indi müzakirə etdiyimiz mövzudur. Digəri isə ondan ibarətdir ki, sənayemiz və ixrac potensialımız bunun üçün yaxşı hazır olmalıdır. Çünki bu vaxtadək ixracın əsas hissəsi qazıntı enerji növləridir”.
Çin-Azərbaycan münasibətlərinə toxunan Prezident İlham Əliyev iki ölkənin strateji tərəfdaş olduğunu vurğulayıb. “Ötən yay mənim Çinin Sədri ilə görüşümdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, bizim ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksəksəviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və biz təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq”, - deyə dövlət başçısı əlavə edib.
Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq, Türkiyə, Özbəkistan və Rusiya ilə müttəfiqlik bəyannaməsi imzaladığını diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanın təkcə Mərkəzi Asiya, Xəzər və Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada regional sabitliyə, regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir.
“Çinlə ABŞ arasında qarşılıqlı əlaqələri necə görürsünüz” sualını cavablandıran dövlət başçısı qeyd edib ki, Çin və ABŞ dünyanın iki ən böyük iqtisadiyyatına malik aparıcı ölkələrdir. Əlbəttə ki, müxtəlif məsələlərdə onların arasında konsensusun olması qarşıdurmanın deyil, əməkdaşlığın olması sözsüz ki, bütün ölkələrin xeyrinə olacaq.