Xəbərlər
Azərbaycan-Gürcüstan strateji əməkdaşlığı: Fəal siyasi dialoq
Elnarə Akimova
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı
Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra Baş nazir İrakli Kobaxidzenin yanvarın 17-də Azərbaycana etdiyi səfər bir çox yönləri ilə önəmli mahiyyət daşıyır. İlk növbədə bu, Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasının, ölkəmizin maraqlarının onlar üçün də əhəmiyyətli olmasının növbəti göstəricisi kimi simvolik əhəmiyyət kəsb edir. Bunu İrakli Kobaxidze ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də xüsusi vurğulamışdır: “Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir”.
Əlbəttə ki, qədim tarixi köklərə malik Azərbaycan-Gürcüstan münasibətləri uğurlu inkişaf yolu keçərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Hər iki dövlət bir-birləri ilə olan ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verir və ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirmək və genişləndirməkdə lazım olan bütün addımları gerçəkləşdirirlər. Elə bu ali niyyətin, fəal siyasi dialoqun nəticəsidir ki, bu gün Azərbaycan-Gürcüstan arasında ikitərəfli əməkdaşlığın bütün parametrlərlə uğurlu həllinə imza atılıb, bütün istiqamətlərdə - müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş ciddi nəaliyyətlər var.
Gürcüstanda yarım milyondan çox azərbaycanlı yaşayır. Buna bir də insan amili kontekstindən, Gürcüstanda sayı yarım milyonu aşan azərbaycanlı faktorundan da yanaşmaq lazımdır. Gürcüstan hakimiyyətinin onlara həssas münasibət sərgiləməsi iki qonşu dövlətin arasında olan dostluğu qüvvətləndirən amillər sırasındadır. Həm oradakı azərbaycanlıların dinc və rahat yaşayışı, həm dövlətimizin maraqları baxımından kimin hakimiyyətdə olmasının bizim üçün xüsusi əhəmiyyəti var. Bu gün Qərb dövlətlərinin postsovet məkanında destruktiv, dağıdıcı fəaliyyəti göz önündədir. Gürcü xalqı ilk növbədə, bu meyllərə uymayaraq müstəqil xarici siyasət yürüdən, göstərilən müəyyən təzyiqlərə baxmayaraq, şimal qonşusu ilə normal münasibətlər qurmağa çalışan “Gürcü Arzusu” partiyasına səs verməklə iqtidarının qalibiyyətinin daha uğurlu seçim olduğunu təsdir elədi. Bunu seçkilərdən az sonra Gürcüstanın baş naziri İrakli Kobaxidziyə ünvanladığı məktubda cənab Prezident İlham Əliyev də geniş vurğulamışdır. Seçkilərdən sonra isə Gürcüstanın baş nazirinin Azərbaycana gəlişi bu mənada, mənəvi birlik, mənəvi yaxınlıq niyyətindən irəli gələn məqamı özündə ehtiva eləyir. Bunu İrakli Kobaxidze də iki ölkə arasında qardaşlıq münasibətlərindən bəhs etdiyi zaman qeyd etmişdir: “Əminik ki, bu qardaşlıq bundan sonra da inkişaf edəcək. Biz müttəfiqik və bir-birimizi qətiyyətlə dəstəkləyirik”.
Azərbaycan Gürcastanla strateji müttəfiqliklərdir, tərəflər həm energetika, həm siyasi, həm də iqtisadi platformalarda sıx əməkdaşlıq edirlər. Azərbaycan neft və qazının əsas hissəsi Gürcüstan ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan, Bakı-Sups, Bakı-Tbilisi Ərzurum kəmərləri ilə xaricə ixrac olunur. Bundan başqa, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP layihəsi və digər beynəlxalq layihələr, Azərbaycanın dövlət şirkəti SOCAR daxil olmaqla, Gürcüstan iqtisadiyyatına edilən milyardlarla dollar yatırım ikitərəfli münasibətlərin strateji xarakter almasında rol oynayıb. Ölkə başçısı mətbuata verdiyi açıqlamasında bildirdi ki, “Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır”.
Görüşdə müzakirə olunan Orta Dəhliz layihəsi hər iki ölkənin mənafeyinə uyğun məsələlərdən biri kimi təqdir olunmalıdır. Çünki bu layihədə hər iki ölkə yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Təbii ki, qonşu dövlətlərin də burada iştirakı olacağı şübhəsizdir. Çünki layihənin coğrafiyası böyükdür. Əsas məqam budur ki, bu layihədə Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayacaq.