YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər Günü qalib xalqın qürur günüdür

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Son 22 ildə Azərbaycan misilsiz inkişaf yolu keçərək, böyük bir tarixi missiyasını şərəflə icra edib. Dünya tarixinin son yarım əsrinə nəzər saldıqda, görərik ki, çox az dövlət öz ərazilərini müharibə yolu ilə işğaldan azad edə bilib. Azərbaycan isə bu tarixi vətənpərvərlik möcüzəsini Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrik diplomatik məharəti və sarsılmaz iradəsi sayəsində gerçəkləşdirdi. Bu, həm tarix, həm ədalət, həm də milli ləyaqət uğrunda qazanılmış Qələbə idi.

44 günlük Vətən müharibəsində əldə edilən Qələbə təsadüfi deyildi. O, illərlə düşünülmüş, planlı və ardıcıl şəkildə həyata keçirilən siyasətin, Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu dövlətçilik kursunun və Prezident İlham Əliyevin həmin kursu yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirməsinin məntiqi nəticəsi idi.

Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir.Azərbaycan 1990-cı illərin xaos, iqtisadi tənəzzül və siyasi qeyri-sabitlik illərindən Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində çıxaraq, güclü dövlət təməllərini bərqərar etdi. O, “müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır!” deyərək dövlət suverenliyimizin strateji istiqamətini müəyyənləşdirdi. Bu ideyanın gerçək daşıyıcısı kimi Prezident İlham Əliyev isə həmin xətti daha da dərinləşdirərək Azərbaycanın siyasi, iqtisadi və hərbi gücünü qlobal səviyyəyə yüksəltdi.

Aprel döyüşləri (2016), Günnüt zəfəri (2018) və Tovuz döyüşləri (2020) Azərbaycanın Böyük Qələbəyə doğru irəliləyən addımları idi. Hər bir mərhələ xalqın qətiyyətini, ordunun hazırlığını və dövlətin iradəsini nümayiş etdirdi.

Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qəhrəmanlıq salnaməsi yazaraq, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan və Şuşa kimi strateji bölgələri işğaldan azad etdi. Xalq öz Ordusuna, Ordusu öz Prezidentinə inanırdı. 8 noyabr 2020-ci ildə Şuşanın azadlığı xəbəri bütün ölkədə misilsiz sevinc və fəxarət dalğası yaratdı. Həmin gün Prezidentin səsləndirdiyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” “Əziz Şuşa, sən azadsan!, “Əziz Şuşa biz qayıtmışıq!, “Əziz Şuşa biz səni dirçəldəcəyik!, “Şuşa bizimdir!, “Qarabağ bizimdir!, “Qarabağ Azərbaycandır!” sözləri Azərbaycan tarixinin ən unudulmaz anına çevrildi.

Azərbaycanın döyüş meydanındakı qələbəsi informasiya cəbhəsində də davam etdi. Prezident İlham Əliyev dünya mediasına verdiyi müsahibələrlə Azərbaycanın haqq səsini beynəlxalq aləmə çatdırdı, işğalçı Ermənistanın yalanlarını ifşa etdi. Bu diplomatik mübarizə, faktiki olaraq, XXI əsrin ən uğurlu informasiya strategiyalarından biri kimi tarixə düşdü.

44 günlük müharibənin sonunda Ermənistan kapitulyasiya aktına imza atdı. 10 noyabr 2020-ci il tarixli bəyanatla Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan geri qaytarıldı. Qısa zamanda azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işləri başladı. 2020-ci il dekabrın 3-də imzalanan Sərəncamla 8 noyabr “Zəfər Günü” elan edildi — bu qərar həm şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, həm də xalqımızın birliyinin və qəhrəmanlığının rəmzi oldu.

Zəfər paradı, Hərbi Qənimətlər Parkının yaradılması, “Vətən Müharibəsi Memorial Kompleksi” və “Zəfər Muzeyi”nin təsis olunması Azərbaycanın qürur simvollarına çevrildi. Vətən müharibəsi iştirakçıları “Vətən Müharibəsi Qəhrəmanı”, “Zəfər”, “Qarabağ” ordenləri və müxtəlif medallarla təltif edildi. Bu mükafatlar həm qəhrəmanlara verilən dəyər, həm də gələcək nəsillər üçün vətənpərvərlik dərsidir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli xarici siyasət nəticəsində Türkiyə, Pakistan, Əfqanıstan və Qoşulmama Hərəkatına üzv ölkələr Azərbaycanın yanında oldu. Xüsusilə qardaş Türkiyənin mənəvi və siyasi dəstəyi qələbəmizin mühüm dayağına çevrildi. Türk dövlətlərinin birliyi, “Bir millət, iki dövlət” ideyasının real gücə çevrilməsi regionda sabitliyin əsas sütunlarından biri oldu.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 24 saatdan az davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaldaraq xalqımıza müraciət etdi. Onun “Biz elə bir Qələbə qazandıq ki, bu Qələbə əbədi olacaq!” sözləri Azərbaycanın dövlət suverenliyinin və milli iradəsinin təntənəsini əks etdirirdi.

Bu Qələbə həm də Azərbaycan dövlətçiliyinin bərpa olunmasında 19 sentyabr 2024-ci il tarixində qəbul edilən “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” ideyalarının qələbəsidir. Məhz həmin sənəd xalqımızın öz taleyinə sahib çıxmaq iradəsini ifadə etmiş, müstəqil dövlətin hüquqi-siyasi təməlini yaratmışdı. 2024-cü ildən etibarən 20 sentyabr – Dövlət Suverenliyi Günü kimi qeyd olunur və bu tarix müstəqil Azərbaycanın simvolik başlanğıc nöqtəsinə çevrilib.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Bu gün Azərbaycan yalnız suverenliyini qoruyan deyil, onu real məzmunda həyata keçirən dövlətdir. Enerji təhlükəsizliyinin təminatçısı, regionda sülhün və əməkdaşlığın dayağı, qlobal arenada söz sahibi kimi tanınır. Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm!” ifadəsi bu güvənin, bu dövlətçilik təcrübəsinin və liderlik iradəsinin birmənalı göstəricisidir.

Xalq-iqtidar birliyi, milli həmrəylik və dövlətə sədaqət – bütün bu amillər Azərbaycanı qalib dövlət, Azərbaycan xalqını isə qalib xalq səviyyəsinə yüksəltdi. Bu qürur, bu Zəfər və bu Suverenlik əbədi olacaq.