YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XİN: ABŞ konqresmenləri münaqişənin ədalətli həllində maraqlıdırlarsa, Azərbaycanın irəli sürdüyü təklifləri dəstəkləməlidirlər

ABŞ konqresmenləri tərəfindən münaqişənin köklü səbəblərinə, işğal və təcavüz faktına varmayaraq, ABŞ-da erməni lobbi təşkilatı olan Amerika Milli Erməni Komitəsinin təsiri altında münaqişə ilə bağlı irəli sürülən fikirlər obyektiv faktlar və mövcud reallıqdan kənardır.


Bunu dailykarabakh-a açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ konqresmenləri Ed Royse və Eliot Engel tərəfindən münaqişə ilə əlaqədar irəli sürülən fikirlərə və “etimad quruculuğu” tədbirlərinə münasibət bildirərkən deyib.

H.Hacıyevin sözlərinə görə, səthi xarakter daşıyan bu fikirlər Ermənistanın “etimad quruculuğu” tədbirləri barəsində siyasi möhtəkirliyinin dəstəklənməsinə xidmət edir: "Bu məqsədlə ABŞ-da erməni lobbi təşkilatı olan Amerika Milli Erməni Komitəsi tərəfindən ATƏT-in Minsk qrupunun həmsədrlərinin fikirləri də təhrif olunur".

XİN sözçüsü deyib ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun BMT Baş Məclisinin 70-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı zamanı etimad quruculuğu tədbirləri və münaqişənin real, mümkün həlli prosesinə bir daha aydınlıq gətirildi: "Bildirildi ki, Ermənistanın tarixi təhriflər əsasında qonşu dövlətlərə qarşı açıq-aşkar ərazi iddiaları, Azərbaycana qarşı təcavüzü, onun ərazilərini işğal etməsi və etnik təmizləmə aparması, münaqişənin gedişində törədilmiş cinayətlərə görə məsuliyyəti təkidlə inkarı, Azərbaycanın Dağlıq Qarabağ regionunun azərbaycanlı və erməni icması arasında birbaşa təmaslara qarşı çıxması və itkin düşmüş şəxslər məsələsi üzrə məlumat mübadiləsi və ciddi əməkdaşlıqdan yayınması etimadın olmamasının əsl səbəbləridir. Çıxış zamanı nazir Elmar Məmmədyarov tərəfindən o da vurğulandı ki, effektiv etimad quruculuğu tədbirləri üçün ilk növbədə və təxirə salınmadan Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına dair plan həyata keçirilməlidir. Qoşunların təmas xətti boyunca insidentlərin araşdırılması mexanizminin yaradılması barəsində ideyalara gəlincə, bu insidentlərin baş verməsinin əsas səbəbi Ermənistanın işğalçı silahlı qüvvələrinin qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğudur".

XİN rəsmisi daha sonra deyib: "Əgər ABŞ konqresmenləri münaqişənin ədalətli həllində, insan tələfatının qarşısının alınmasında və regionda davamlı sülhün bərqərar olmasında həqiqətən maraqlıdırlarsa, onlara Azərbaycanın irəli sürdüyü və münaqişənin köklü həllinə xidmət edəcək bu real təklifləri dəstəkləməyi tövsiyə edərdik".