YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan yeni reallıqlar yaratdı

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi  Heydər Əliyev siyasətinin təntənəsidir. 2003-cü ildən başlanan Böyük Yolun davamı müstəqillik tariximizi möhtəşəm səhifələrlə zənginləşdirir. Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirdi.  21 ildə  bütün sahələrdə sürətli inkişafa nail oldu, insanların rifah halı daha da yaxşılaşdı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndi və 30 ilin torpaq həsrətinə son qoyularaq  ərazi bütövlüyümüz və suverenliyimiz tam  bərpa edildi. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Uğurlarımız liderlik fenomeninin  milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malik olduğunu təsdiqləyir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən böyük qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olundu və gələcək inkişaf üçün zəmin yaradıldı.

Ölkə Prezidenti İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, pozitiv, milli məqsədlərə xidmət edən, siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.

Azərbaycançılıq fəlsəfəsi dövlət başçısı İlham Əliyevin siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir müstəqil Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına, tariximizin öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan cənab İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalarası dialoq məkanı kimi tanındı. Azərbaycan Qərblə Şərqin qovuşağında yerləşən ölkə olaraq reallaşdırdığı layihələr, atdığı addımlar, ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirdi. Bu etimadın nəticəsidir ki, 2015-ci ildə ölkəmiz tarixdə ilk dəfə keçirilən ilk Avropa Oyunlarına ev sahibliyi etdi.   İctimai-siyasi sabitliyin, iqtisadi inkişafın özünü qabarıq şəkildə büruzə verdiyi Azərbaycanın  tolerantlığı belə mühüm tədbirləri  həyata keçirməyə geniş imkanlar açır.  Azərbaycan Avropa dəyərlərini özündə ehtiva edən, həmçinin müasir dünyaya açıq ölkə olduğunu sübut edir.  2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın gücünü, onun müsəlman dünyasında oynadığı rolu göstərdi.  Azərbaycanın bu addımı həmrəylik, əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunun daha da möhkəmləndirilməsinə yönəldi.

Uğurlarımız davamlıdır. Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanı ən yüksək zirvələri fəth etdirir. İmzaların arasında imzasını görməkdən qürur duyduğumuz Azərbaycanın bu gün üçrəngli Bayrağının işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması ərazi bütövlüyümüzün bərpa olunmasının, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin icrasının təqdimatıdır.  

44 gün davam edən və Azərbaycanın Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi Azərbaycanın malik olduğu imkanların, qüdrətinin, gücünün, xalqımızın yenilməzliyinin, məğrurluğunun təqdimatı oldu. Azərbaycan Ordusu gücü, qüdrəti sayəsində  beynəlxalq hüququn mövcudluğunu bütün aparıcı dövlətlərə, nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi. Ölkəmiz  yeni reallıqlar yaratdı. Ötən ilin sentyabrında suverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Hazırkı dövrün əsas hədəflərindən biri  ordumuzun daha da gücləndirilməsi, azad edilmiş torpaqlarımızın bərpasıdır. Hazırda bu proses sürətlə davam edir. Dövlətimizin başçısı çıxışlarında bu hədəfi açıqlayır ki, Böyük Qayıdış Proqramının  icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkün dogma yurd-yuvasına qayıdacaq.

Təbii ki, uğurlarımızın əsasında möhkəm təməl dayanır. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın bu günü və gələcəyi üçün inkişaf strategiyasını müəyyənləşdirməklə yanaşı, onun uğurlu icrasının davamı üçün 2003-cü ildə inamın növbəti ünvanını göstərdi. Xalqımız cənab İlham Əliyevə səs verməklə bugünkü uğurların əsasını qoydu. Qalib, bütövləşən Azərbaycan bundan sonra da Heydər Əliyev yolu ilə inamla addımlayacaq, uğurları, zəfərləri ilə dünyanın diqqətində dayanacaq. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Zəfər adı xalqımıza çox yaraşır.