Xəbərlər
Azərbaycanın dayanıqlı inkişafı: Ulu Öndərin iqtisadi strategiyası
“Dövlətin gücü, inkişafı onun iqtisadi potensialı və mövcud resurslardan səmərəli istifadə ilə bilavasitə asılıdır. Təbii sərvətlərlə, xüsusilə də, neft və qazla zəngin olan ölkəmiz məhz düzgün iqtisadi idarəçilik sayəsində uğurlar əldə edə bilib. Heç şübhəsiz ki, bu uğurların təməlində Ümummilli Lider Heydər Əliyevin dövlətçilik təcrübəsi, siyasi səriştəsi dayanır. Ulu Öndər hələ 1969-cu ildə, ilk dəfə hakimiyyətə gələndə Azərbaycan müttəfiq respublikalar içərisində iqtisadi cəhətdən ən geridə qalmış ölkələrdən biri idi. 1982-ci ildə isə Azərbaycan iqtisadiyyatı Heydər Əliyevin idarəçiliyi ilə SSRİ-də Rusiyadan sonra özünü ən yaxşı təmin edən ikinci ölkə oldu. İqtisadi artım tempi Ümummilli Liderin hakimiyyətdə olduğu bütün dönəmlərdə yüksələn xətlə davam etdi. Heydər Əliyevin Sovet dövründəki hakimiyyəti illərində Azərbaycanın müstəqilliyi üçün yaradılan güclü iqtisadi zəmin sonrakı illərdə öz müsbət nəticəsini göstərdi. 1980-ci illərin sonu və 1990-cı illərin əvvəlində ölkədə müşahidə olunan iqtisadi durğunluq da məhz Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra aradan qaldırıldı”.
Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, ölkəmizdə müstəqillik illərində iqtisadiyyatın bütün sahələrində qazanılmış nailiyyətlər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları, inkişaf konsepsiyaları və strategiyaları nəticəsidə əldə olundu: “Ulu Öndər 1993-cü ildən Azərbaycana rəhbərlik edəndən sonra iqtisadiyyyatın bütün sahələrində inkişaf qeydə alındı. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə Bakıya gələndə respublika iqtisadiyyatı tamamilə dağıdılmışdı, xalqın sosial rifahı olduqca aşağı idi. Heydər Əliyevin özünün də qeyd etdiyi kimi, respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı, coğrafi-siyasi vəziyyəti, təbii sərvətləri ağır böhrandan çıxmağa imkan verdi. Təbii ki, iqtisadi islahatlar aparmadan, düzgün idarəetmə sistemini qurmadan bu böhrandan tezliklə çıxmaq mümkün deyildi. Müstəqilliyin ilk illərində ölkəmizin investisiya imkanlarının məhdudluğunu nəzərə alan Ulu Öndər xüsusi qeyd edirdi ki, ilkin olaraq ölkənin iqtisadi-siyasi müstəqilliyini qorumağa və xalqın zəruri tələbatlarını mümkün qədər təmin etməyə imkan verən iqtisadi istiqamətlər inkişaf etdirilməlidir. Aparılan düzgün siyasət Azərbaycanı qısa zaman kəsiyində dünyanın iqtisadi cəhətdən ən sürətli inkişaf edən ölkələrindən birinə çevirdi. Yeni iqtisadi layihələr hazırlandı, xarici investorlar ölkəmizə dəvət edildi, “Əsrin müqaviləsi”nin imzalanmasına nail olundu, neft-qaz kəmərləri çəkildi, o cümlədən Bakı-Tiflis-Ceyhan layihəsinin təməli qoyuldu. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına təqribən 10 milyard dollar investisiya yatırıldı. Bazar iqtisadiyyatına keçid, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, özəlləşdirmənin həyata keçirilməsi qısa zaman ərzində özünün müsbət nəticələrini göstərdi. Makroiqtisadi sabitliyin əldə olunması, iqtisadiyyatın bütün sahələrində inkişafın müşahidə edilməsi həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri idi. Bazar iqtisadiyyatı yolunda inamla addımlayan Azərbaycanda sərbəst bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyat xətti dövlət tərəfindən tam dəstəkləndi. Müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət və inkişafdan keçdiyini daim vurğulayan Ulu Öndər zəngin sərvətlərimizdən əldə olunan gəlirlərdən gələcək nəsillərin də faydalanması üçün qətiyyətli addımlar atdı. Ümummilli Lider 1999-cu il dekabrın 29-da “Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında” Fərman imzaladı. Ulu Öndər Heydər Əliyevin müdrik qərarı əsasında Neft Fondundan ilk vəsait Azərbaycan xalqının ən ağır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirildi”.
Millət vəkili qeyd etdi ki, Azərbaycanın müstəqilliyinin iqtisadi əsaslarının gücləndirilməsi, xalqın sosial müdafiəsinin təmin edilməsi üçün həyata keçirdiyi çoxşaxəli islahatlar Ulu Öndərin böyük təcrübə, analitik düşüncə və uzaqgörən iqtisadi strategiyaya malik bir şəxsiyyət olduğunun təsdiqidir: “Güclü iqtisadi təməl üzərində qurulan Azərbaycan dövləti məhz Ulu Öndərin uzagörən siyasətinin nəticəsi olaraq müasir ordu yaratdı, Silahlı Qüvvələrimiz yenidən təşkil olundu, ən yeni silahlar alındı. Azərbaycan Ordusu 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımızı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində işğaldan azad etdi. Ümummilli Liderin layiqli davamçısı, cənab İlham Əliyevin məhsuldar fəaliyyəti, cəsarətli siyasəti, iradəli addımları sayəsində Azərbaycan böyük uğurlar qazandı. Milli iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılması nəticəsində ölkəmizdə davamlı və dayanıqlı inkişaf tam təmin edildi”.