YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qürur mənbəyi: Prezident İlham Əliyevin Ağdamda yenidənqurma missiyası

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, partiyanın Sumqayıt şəhər təşkilatının sədri

Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etsə də, ölkəmiz çox ciddi problemlərlə üz-üzə qalmışdı. Bir tərəfdən keçmiş müttəfiq respublikalarla sosial-iqtisadi əlaqələrin kəsilməsi, digər tərəfdən işğalçı Ermənistanın torpaqlarımıza hərbi təcavüzü vəziyyəti xeyli çətinləşdirmişdi. Üstəlik həmin dövrdə hakimiyyətdə olan səriştəsiz, şəxsi maraqları milli maraqlardan üstün tutan, idarəçilik bacarığı olmayan, dövlətçilik maraqlarımızı dərk edə bilməyən AXC-Müsavat cütlüyü xalqımızı vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu.

Birinci Qarabağ müharibəsində erməni işğalına məruz qalan rayonlarımızdan biri də Ağdam idi. Bu rayon uğrunda 42 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olundu. İşğal nəticəsində 128 min nəfər məcburi köçkün həyatını yaşamağa məcbur oldu. Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq soydaşımız şəhid oldu, minlərlə insan yaralandı, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdı. Nəhayət, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsizndən xilas etdi.

1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul etdi. Orada işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. ATƏT-in Minsk qrupunun adından da bu hücum qətiyyətlə pislənmiş, işğal olunmuş ərazilərdən qoşunların çıxarılmasına çağırış edilmişdi. Lakin Ermənistan tərəfi beynəlxalq qərarlara tabe olmaqdan yayındı. İşğalçı dövlət Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətdi. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi bu mənfur dövlətin əsl niyyətinin hərbi təcavüz və işğal yolu ilə yeni ərazilər əldə edilməsi olduğunu aşkar şəkildə nümayiş etdirdi.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verildi. Ağdam şəhərinin və ona yaxın kəndlərin döyüşsüz Azərbaycana qaytarılması əlamətdar hadisə idi. Nəzərə almaq lazımdır ki, qəddar və amansız düşmən Ağdamın az qala hər qarış torpağına mina basdırmışdı. Düşmənin mina terroru itkilərimizin sayını artıra bilərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycan Ordusu heç bir itki vermədən Ağdam şəhərinə daxil oldu. Bununla da Qarabağ iqtisadi rayonunda mühüm əhəmiyyətə malik şəhərlərimizdən olan Ağdam azad edildi.

Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. 44 günlük Vətən müharibəsi ölkəmizin parlaq Zəfəri ilə bitdikdən sonra,  Ağdam istiqamətində gedən döyüşlərdə fərqlənən əsgər və zabitlərimiz “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildilər. Dövlət başçımızın 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 noyabr Ağdam Şəhəri Günü kimi müəyyən olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Ağdama səfərləri və reallaşdırılan yeni infrasturuktur layihələr hər bir soydaşımızı ürəkdən sevindirir və qürurlandırır.

DİGƏR Xəbərlər Arxiv