Xəbərlər
Zəfər Gününə həsr olunmuş silsilə idman yarışlarına start verilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yasamal rayonunda Vətən müharibəsində qazanılmış şanlı Zəfərin 5-ci ildönümünə və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təsis edilməsinin 80 illik yubileyinə həsr olunan silsilə idman yarışlarına (minifutbol, şahmat və dama) start verilib.
Tədbir Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektoru və AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Yasamal rayonu ərazisində fəaliyyət göstərən təşkilat və müəssisələrdə çalışan əməkdaşlardan ibarət komandaların iştirakı ilə baş tutan yarışların açılış mərasimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecində keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman İdarəsi üzrə Yasamal rayon Gənclər və İdman sektorunun müdiri İlham Səfərov, eləcə də Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktor müavinləri Nigar Şirəliyeva və Sevda Axundova iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, bu silsilə yarışlar həm elm, həm də idman sahəsində milli dəyərlərin təbliği, birlik və vətənpərvərlik ruhunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər Zəfər Gününə həsr olunmaqla yanaşı, elm və idmanın vəhdətini təcəssüm etdirir. Yarışlarda yaranan səmimi mühit həm iştirakçılar, həm də tamaşaçılar üçün böyük motivasiyadır.
Çıxışlardan sonra dama idman növü üzrə yarışa start verilib. Yarışın sonunda qalib komandaların üzvlərinə diplom və medallar təqdim olunub, hakimlərə hədiyyələr verilib.
