YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan kiçik ada dövlətlərinə həmişə dəstəyini əsirgəməyəcək

Ceyhun Məmmədov

Milli Məclisin deputatı

COP29 çox uğurla davam etməkdədir. Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində 80-dən çox dövlət və hökumət başçısı iştirak etdi. Sammitdə Prezident İlham Əliyev mühüm məsələlərə toxunaraq kiçik ada dövlətlərinin qarşılaşdığı ekoloji problemlərdə Azərbaycanın onlara dəstəyi ilə yanaşı, Paris və Amsterdamın bu torpaqlarda yürütdüyü müstəmləkəçilik siyasətini kəskin pislədi.

Hazırda kiçik ada dövlətləri iqlim dəyişikliyindən çox əziyyət çəkir və bu məsələdə Qərbin böyük payı var. COP29 böyük mühüm platforma kimi bəşəriyyəti narahat edən problemlərin müzakirə ünvanıdır və bu mənada belə mötəbər tərdbir problemləri nəzərə alınmayan və ya səsləri az eşidilən kiçik ada dövlətləri üçün olduqca vacibdir.

Dövlət başçımızın inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı məhz, həmin dövlətlərinin səsinin qlobal arenada eşidilməsi və onlara maddi-texniki dəstəyin göstərilməsi baxımdan mühüm əhəmiyyət daşıyır.

Azərbaycan tək çağırışla kifayətlənmir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz kiçik ada dövlətlərinə hər zaman dəstək nümayiş etdirib. Bunun bariz nümunəsidir ki, Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə göstərdiyi maddi və humanitar yardımlardan 80-dən çox ölkə və 20 kiçik ada dövləti faydalanmışdır. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb.

Azərbaycan kiçik ada dövlətlərinin və digər inkişaf etməkdə olan ölkələrin qarşılaşdığı problemləri görür və onlara dəstək olmağa çalışır. Bakıdakı COP üçün seçdiyimiz “Yaşıl dünya naminə həmrəy olaq” şüarı Azərbaycanın COP29 missiyasının ruhunu əks etdirir. Biz bunu əməlimizlə göstərməyə çalışırıq. Həmrəylik olmadan yaşıl dünya mümkün deyil. Səsi ən az çıxan, təhlükəyə ən çox məruz qalan dövlətləri bu prosesə cəlb etmək bizim əsas hədəflərimizdəndir.

Azərbaycanın yanaşması təqdirəlayiqdir. Respublikamız iqlim dəyişikliyi ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan ölkələr sırasında yer alır. Dövlətimizin COP29 tədbirinə ev sahibliyini yüksək səviyyədə təşkil etməsi, respublikamızın  iqlim dəyişikliyinə necə həssas yanaşdığını əyani şəkildə nümayiş etdirir. Azərbaycan kiçik ada dövlətlərinin problemlərini yaxşı anlayır və onlara dəstək verməyə hazırdır. Həmin ölkələri təhdid edən məsələlərlə bağlı COP29 çərçivəsində də geniş müzakirələr aparılmaqdadır.

Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Dövlətimizin başçısı həm də C.Borrellin Azərbaycanın COP29-a sədrliyini pisləməsinə də kəskin münasibətini bildirdi və bu Avropa diplomatı cavabını aldı.

Bu gün belə təfəkkürlə yanaşmaq Borrelin və onun kimilərin hansı irqçi təfəkkürə malik olduğunu açıq-aydın göstərir. Təəssüf ki, dünyanın bir sıra dövlərləri Avropanın həyata keçirdiyi siyasətdən əziyyət çəkirlər. Xüsusilə dəniz aşırı regionlarda iqlim dəyişiklikləri nümunəsində də bunu görürük. Azərbaycan COP29 çərçivəsində müəyyən addımlar atır. Ancaq bəzi Avropa dövlətləri irqçi təfəkkürlə digər millətlərə dözümsüz münasibətdən xilas ola bilmir. Borrel digər dövlətləri COP29-da iştirak etməkdən çəkindirməyə çalışdı. COP29-da bir çox dövlət başçılarının iştirakı göstərdi ki, bu cəhdlərin nəticəsi olmadı. Azərbaycan bu istiqamətdə də öz uğurlarını təmin edə bildi. 80-dən çox dövlət və hökumət başçısının iştirakı, 70 mindən çox iştirakçının qediyyatdan keçməsi bu fikri bir daha təsdiqləyir.

DİGƏR Xəbərlər Arxiv