YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Salyan rayon təşkilatının təsis edilməsinin 33 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunaraq dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daha sonra Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqların qorunmasında və ölkənin davamlı inkişafında mühüm rolundan bəhs edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun inkişaf edərək aparıcı siyasi qüvvə kimi ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur.

Elmar Əhmədov rayon təşkilatının 33 il ərzində həyata keçirdiyi fəaliyyətə də toxunaraq, sağlam ideoloji mühitin formalaşdırılması, gənclərin ictimai-siyasi fəallığının artırılması və dövlətçilik dəyərlərinin təbliği istiqamətində görülən işlərdən danışıb.

Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsini, iqtisadi inkişafını və milli maraqlarının etibarlı şəkildə təmin olunmasını şərtləndirib. Bildirilib ki, rayon təşkilatı da bu siyasətin yerli səviyyədə təbliği və həyata keçirilməsində fəal iştirak edir.

Tədbirdə həmçinin YAP Salyan rayon təşkilatının sabiq sədri Etibar Hüseynov, Salyan Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Yeganə Cəfərova, Baş Mil-Muğan Kollektorunun İstismarı İdarəsinin mühəndis-melioratoru, ərazi partiya təşkilatının sədr müavini Daşqın Cəbiyev və digərləri çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, rayon təşkilatının ictimai-siyasi həyatda fəal rolundan danışıblar.

Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya veteranı və fəalı fəxri fərmanlarla təltif olunub, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.