YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlaq Qələbəmizə böyük ehtiramın ifadəsi

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində misilsiz peşəkarlıq və yüksək rəşadət göstərmiş, 30 ilə yaxın müddətdə düşmən işğalında olan əzəli torpaqlarımızı mənfurlardan azad etmişdir. Bu parlaq Qələbə dünya hərb tarixinə, eləcə də öz şanlı tariximizə qızıl hərflərlə yazılmışdır. Ermənistan və onun havadarlarının bütün terror-təxribat aktlarına, qarayaxma kampaniyalarına, qərəzli addımlarına baxmayaraq, Azərbaycan dövləti öz gücü hesabına tarixi ədaləti bərpa edərək, haqq işini uğurla tamamladı. Bəli, biz haqlı olaraq qeyd edirik ki, Azərbaycan dövləti və xalqı var olduğu müddətdə müharibədə qəhrəmanlıq göstərmiş şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq, hər zaman ehtiramla yad olunacaqdır. Bu gün şəhid ailələrinə, müharibə veteranlara xüsusi diqqət və qayğının göstərilməsi məhz uğurlu dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Cənab İlham Əliyev Vətən müharibəsi, həmçinin şanlı tariximizlə əlaqədar bütün çıxışlarında  Azərbaycan əsgər və zabitlərinin göstərdiyi şücaətdən qürurla bəhs edir, onların vətənpərvər, milli ruhlu, həmçinin çox cəsur olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırır. Ölkəmizdə mövcud olan xalq-ordu-iqtidar birliyi möhtəşəm Qələbəyə imza atdı. Bu gün Azərbaycanın digər bölgələrində olduğu kimi, doğma Qarabağda və ətraf rayonlarımızda genişmiqiyaslı bərpa-quruculuq işləri aparılır. Tarixi, mədəni abidələr, məscidlər, memorial komplekslər tikilir və yenidən qurulur. Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Parkının yaradılması Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə tikilib.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 8-də Bakıda Zəfər Parkının açılışında iştirak ediblər. Dövlətimizin başçısı burada Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldıb. Cənab İlham Əliyev burada məzmunlu çıxışı ilə qürurlu və şərəfli tariximizi ictimaiyyətin diqqətinə çatdırıb: “2020-ci il noyabrın 8-də tarixi Şuşa əməliyyatı demək olar ki, düşmənin belini qırmışdır. Ondan sonra cəmi bir gün keçdi və noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu və biz müharibəni dayandırdıq. Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər Parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq”.

Həqiqtətən də hər bir azərbaycanlı bu möhtəşəm tarixi günlərə şahidlik etdiyi üçün çox qürurludur. Azərbaycan Prezidentinin düzgün və məqsədyönlü siyasəti bizi işıqlı gələcəyə doğru aparır. Dövlət başçısının sözləri ilə desək, bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır.