Xəbərlər
COP29: Davamlı gələcək üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsi əsas məqsədlərdən biridir
Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri
İndiyədək bir çox mühüm toplantılara evsahibliyi etmiş ölkəmizdə noyabrın 11-dən etibarən dünyanın ən mötəbər beynəlxalq tədbirlərdən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 keçirilir. Hər il keçirilən bu bu böyük tədbirə sədrlik isə BMT tərəfindən beş region arasında rotasiya qaydasında müəyyənləşir. 2024-cü ildə COP29-a evsahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü.
Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə Bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdi. Bundan sonra, Bolqarıstan da öz namizədliyini geri götürdü. Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirdi. Dekabrın 11-də isə COP28-in Birləşmiş Ərəb Əmirliklərində keçirilən plenar iclasında COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olundu.
COP tədbirləri ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Hazırda Konvensiya 198 tərəfdən (197 ölkə və Avropa İttifaqı) ibarətdir. Onu da bildirək ki, digər dövlətlərin COP tədbirlərinin keçirilməsi üçün bir neçə il vaxtı olsa da, ölkəmizin 11 aydan az vaxtı var idi. Ona görə qərarın qəbulundan bir neçə gün sonra – dekabrın 15-də Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi. “Ona görə mən hesab etdim ki, birinci müşavirəni öz sədrliyimlə keçirim, bütün lazımi tapşırıqları verim. Bu tapşırıqların yerinə yetirilməsi barədə müntəzəm olaraq mənə məlumat veriləcək” – deyən dövlətimizin başçısının 2024-cü il yanvarın 13-də imzaladığı Sərəncamla Təşkilat Komitəsi yaradıldı. Azərbaycanın beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində zəngin təcrübəyə malik olması burada da öz sözünü dedi.
Hazırda COP29 yüksək səviyyədə keçirilir və bu, dövlətimizin və xalqımızın növbəti böyük uğuru olacaq. COP29-un Azərbaycan üçün müxtəlif sahələrdə faydaları olacaq. Konfrans Azərbaycanın istixana qazı emissiyalarını azaltmaq üzrə öhdəliklərini yerinə yetirməsinə kömək edəcək. Bu isə ölkənin ekoloji vəziyyətini yaxşılaşdıracaq, havanın keyfiyyətini tənzimləyəcək. Nəticədə iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək olacaq.
Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib. Tədbirdə iştirak edən dövlətimizin başçısı deyib ki, “Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik. Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir...”
Azərbaycanın COP29-a evsahibliyi etməsi ölkəmizin qlobal miqyasda mövqeyini gücləndirəcək. Belə bir mötəbər tədbirin təşkili Azərbaycanın iqlim dəyişikliyi məsələlərinə ciddi yanaşdığını və beynəlxalq səviyyədə fəal rol oynadığını nümayiş etdirir.