YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçi

“Tariximizin ən şanlı səhifəsi Böyük Zəfərimizin dördüncü ildönümünü qürurla, fəxrlə qeyd edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Zəfər yürüşü 44 günə 200 illik münaqişəyə, 30 illik işğala son qoydu, "böyük Ermənistan" xülyasının üstündən birdəfəlik xətt çəkdi. Üçrəngli bayrağımız o gündən, mənfur düşmənin haqq, ədalət savaşında məğlub olduğu, illərlə düşmən tapdağı altında qalan torpaqlarımızın azad olduğu gündən daha da əzəmətlə müstəqil ölkəmizin mavi səmasında dalğalandı.” Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Millət vəkili qeyd edib ki, planetin söz sahibi olan dövlətlərinin bayraqları ilə bir sırada dalğalan Azərbaycan bayrağı bu gün müzəffər ordumuzun rəşadəti sayəsində ölkəmizin işğaldan azad edilən hər bir kəndində, şəhərində göylərə yüksələrək, bütün dünyaya müstəqil dövlətimizin varlığını, gücünü, qüdrətini nümayiş edirir.

Dahi şəxsiyyət, Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi "Azərbaycan bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bizim müstəqil dövlətimizin rəmzidir". Azərbaycan bayrağını müqəddəsləşdirən amallar həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir.

“Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.” Ulu Öndərimizin xalqımıza bu öyüd-nəsihəti uğrunda qan tökülən, can verilən, mübarizə aparılan, silahdan da kəsərli olan üçrəngli bayrağımızın müqəddəsliyini bir daha önə çəkir.

Pərvin Kərimzadə qeyd edib ki, üçrəngli bayrağımız işğaldan azad edilmiş şəhər və rayonlarımızın, kənd və qəsəbələrimizin ilk qələbə müjdəsinə, milli kimliyimizin ən böyük tərənnümçüsü oldu. Düşmənə göz dağına çevrilən Lələtəpədə qədəmləri sayalı olan bayraqlarımız durna qatarı kimi sıralanaraq 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlaraımıza sarı qanadlandı. Sentyabr ayının 27-dən başlayaraq üçrəngli bayrağımız dövlətimizin gücünü və xalqımızın milli birliyini, həmrəyliyini nümayiş etdirdi. Ölkə Prezidentimizin sözləri ilə desək bayrağımız mübarizə əzmimizin, zəfər sorağımızın istiqlaliyyət salnaməmizin ilk müjdəcisi odu, bizi Vətən uğrunda müqəddəs döyüşlərə səslədi.

“Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq dediyi sözlər artıq reallığa çevrilib.

Özünütəsdiq simvolu sayılan bayrağımız qalibiyyət rəmzi kimi Füzulidə, Zəngilanda, Qubadlıda, Cəbrayılda, Hadrutda, Xudafərin körpüsünün üstündə, respublikamızın İran İslam Respublikası ilə həmsərhəd zastavalarında qürurla dalğalandırıldı. 2020-ci ilin 8 noyabrında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Şəhidlər Xiyabanında xalqa müraciət edərək, Qarabağın döyünən ürəyi Şuşa şəhəri işğaldan azad edildiyi müjdəsini verdi, 28 illik həsrətə son qoydu: "Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq".

“Şuşasız bizim işimiz yarımçıq qalar”, deyən Prezidentimiz hər zaman olduğu kimi bu dəfə də vədinə sadiq qaldı, Bayraq Günü ərəfəsində 28 il 6 ay işğalda qalan, xalqımızın mədəniyyət, ədəbiyyat beşiyinin, qədim tarixi şəhərində-Şuşada üçrəgli bayrağımızı dalğalandırdı, həm siyasi, həm hərbi, həm də diplomatik səhnədə böyük məğlubiyyətə uğratdığı azğın düşmənə bir daha yerini göstərdi.

İşğal altında olan kəndlərin, qəsəbələrin, şəhərlərin, düşmən tapdağından azad edilməsi müdrik və qətiyyətli lideri, Ali Baş Komandanı olan Azərbaycan dövlətinin, Azərbaycan xalqının böyük qələbəsinin nümayişi oldu.

Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağımız vüqarla, əzəmətlə müstəqil, suveren Azərbaycan dövlətinin torpaqlarında dalğalanır -deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv