Xəbərlər
Böyük Qayıdışın vüsəti getdikcə artır
Ülvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri
Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dövlət başçılarının 11-ci Zirvə toplantısında iştirak etmək üçün Qırğızıstana səfəri bir çox hadisə ilə yadda qaldı. Dövlətimizin başçısı “Çingiz Aytmatov” ordeni ilə təltif edildi və bu ali mükafata layiq görülməsi onun qırğız yazıçısına ehtiramının bariz nümunəsi idi. Ali mükafat dövlətimizin başçısına Bişkek yaxınlığında, Ala-Arçada yerləşən Çingiz Aytmatovun ev-muzeyini ziyarət edərkən mərhum ədəbiyyat xadiminin oğlu Eldar tərəfindən təqdim edilib. Aytmatovun həyatının son 20 ilini keçirdiyi bu ev 2014-cü ildə ailəsi tərəfindən muzeyə çevrildikdən sonra ilkin formada qorunub saxlanılıb. Prezident İlham Əliyev səfəri zamanı muzeyin fəxri qonaqlar kitabına Aytmatovun dünya ədəbiyyatına və mədəniyyət diplomatiyasına dərin təsirindən bəhs edən ürək sözlərini yazıb. Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevdən sitat gətirərək vurğulayıb ki, Aytmatov təkcə Qırğızıstanın fəxri deyil, həm də Türk dünyasının hörmətli şəxsiyyətidir.
Dövlətimizin başçısının TDT Başçılarının 11-ci Zirvə görüşündə proqram xarakterli çıxışı ilə yadda qalıb. Prezident İlham Əliyev qeyd edib ki, Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının əsasını qoyub. “Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. TDT bu dövr ərzində uğurlu inkişaf yolu keçib. İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.” Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına maliyyə dəstəyi də göstərəcək. Çünki, TDT-nin mövcud büdcəsi qarşıya qoyulan hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir.
Azərbaycan Prezidenti çıxışında işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və bərpa layihələri barədə də məlumat verib. “Ötən ilin sentyabr ayında Azərbaycan öz suverenliyini tam bərpa etdi. Ermənistan 30 il davam edən işğal dövründə bu ərazilərdə 9 şəhərimizi və yüzlərlə kəndimizi tamamilə məhv edib. İşğaldan azad olunan ərazilərdə indi genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir, eyni zamanda, Böyük Qayıdış Proqramının icrası çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönürlər.”
Bu istiqamətdə çox müasir və perspektivli layihələr həyata keçirilir. Böyük Qayıdışın vüsəti getdikcə artır. Azərbaycanın bu uğurlu səyləri təkcə ölkəmizə deyil, regionda yaşayan bütün xalqlara və dövlətlərə də fayda gətirir. Bu Zəfərimiz 30 il işğal altında olan torpaqlarımızın dirçəlişi ilə yanaşı, Qafqazın sülh və sabitlik mərhələsinə keçmək, regionumuz üçün öz potensialına layiq səviyyədə sosial-iqtisadi tərəqqiyə nail olmaq ümidini artıran etibarlı və perspektivli bir amildir.
Qardaş və dost ölkələr, eləcə də reallıq hissini itirməyən dövlətlər bunu görür, dəyərləndirir və müxtəlif formalarda həmin quruculuq işlərində iştirak edir və ya bu və ya digər formada dəstək verir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionumuzda sülhə, tərəqəqiyə xidmət edən fəalaiyyəti ilə yanaşı Türk Dövlətlərinin Birliyinin güclənməsində də çox fəal rol oynayır. TDT-yə üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır. Dövlətimizin başçısı Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də, tikiləcək məktəblərə görə bir daha təşəkkürünü bildirdi.
Tədbirdə 200-ə yaxın ölkənin Azərbaycanın COP 29 iqlim konfransına ev sahibliyinə namizədliyinin yekdilliklə dəstəkləndiyi barədə məlumat verilib: “Bu, beynəlxalq aləmin ölkəmizə böyük hörmət və dəstəyinin təzahürüdür. Dövlətimizin başçısı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin COP29 konfransının işində fəal iştirak edəcəklərinə əmin olduğunu bildirib”.