Xəbərlər
Azərbaycanın beynəlxalq təsisatlarla əlaqələri keyfiyyətcə yeni müstəviyə keçir
Ramid Namazov
Milli Məclisin deputatı
Prezident İlham Əliyevin iştirakı ilə Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən XVI BRICS Sammiti geosiyasi, iqtisadi, humanitar imkanların qiymətləndirilməsi və inkişafı baxımından mühüm və əlamətdar tədbir kimi səciyyələndirilə bilər.
Sammitdə 36 ölkənin və 6 beynəlxalq təşkilatın ali və yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı tədbirin siyasi əhəmiyyətini daha da artırmış oldu. Dünyanın inkişaf etmiş ölkələrinin BRICS platformasında birləşərək bir sıra dünya əhəmiyyətli məsələləri müzakirəsi etməsi və həllində ortaq mövqe nümayiş etdirməsi bu təşkilatın çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi platformaya çevrildiyini nümayiş etdirdi.
Sammitdə çıxış edən Prezident İlham Əliyevin bir sıra mühüm siyasi-iqtisadi mesajları diqqətə çatdırması, habelə Azərbaycan Prezidentinin “BRICS+” formatının nümayəndə heyəti ilə görüşləri ölkəmizin mühüm regional aktor kimi imkanlarını da təqdim etdi. Azərbaycanın BRICS ölkələri üçün əsas siyasi və iqtisadi tərəfdaş, regional təşəbbüslərin həyata keçirilməsində mühüm tərəfdaş olması qeyd edildi.
Hazırda dünya əhalisinin 47 faizini və qlobal ÜDM-in 30 faizini özündə cəmləşdirən BRICS-də yer almış ölkələrin hər biri ilə Azərbaycanın sıx tərəfdaşlığı mövcuddur. Rusiya və Çinlə isə bu əlaqələr müvafiq olaraq müttəfiqlik və strateji tərəfdaşlıq səviyyəsindədir.
İqtisadi təmaslar və mübadilələrə gəlincə isə Rusiya və Çin ilk dördlükdə dayanır. Eləcə də, Azərbaycan BRICS-in iqtisadi komandasında xüsusi dinamika yaradan ölkələrin əksəriyyəti ilə yaxın iqtisadi ticarət tərəfdaşıdır. Ölkəmizin 2023-cü ildə xarici ticarət dövriyyəsinin beşdə biri, təxminən 22 faizi BRICS üzvlərinin payına düşür. Bu baxımdan Azərbaycan nəhəng iqtisadi potensialı olan bu təsisatla imkan və fürsətləri öz milli maraqlarına uyğun irəlilədir, çoxşaxəli yeni layihələrə öz töhfəsini verir.
Cənab Prezidentin bəyan etdiyi kimi Azərbaycan beynəlxalq münasibətlər sistemində çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Ölkəmiz bu prinsiplərə sadiqliyini 2019‒2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal təşəbbüsləri və nümunəvi davranışları ilə təsdiq edib.
Dörd illik sədrliyi dövründə ölkəmiz Qoşulmama Hərəkatında yeni tərəfdaşlıq ruhu, birgə həmrəylik modeli yaradıb, eyni zamanda, bu təşkilatın fəaliyyətində illər öncə müşahidə edilən durğunluğu və süstlüyü aradan qaldırıb, özünün çevik və dinamik qərarları qurumun institusional inkişafında böyük dəyişikliklərə nail olub. Bu peşəkar fəaliyyət sayəsində təşkilat daxilində ölkələr arasında qarşılıqlı inam və etimad mühiti də möhkəmlənib.
Azərbaycan coğrafi mövqeyi və trans-logistika imkanları ilə regionda əsas aparıcı və ölkələr arasında əlaqələndirici körpü rolunu oynayır. Müxtəlif coğrafi hüdudlar və qitələrdən başlayan nəqliyyat tranzitləri ölkəmizin coğrafi landşaftını əhatə etməklə Azərbaycanın bölgədə tənzimləyici və idarəedici rolunu da artırır. Müasir infrastruktur bloklarına sahib olan ölkəmizin quru və dəniz logistikaları birbaşa “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinə inteqrasiya olunub.
Hazırda ölkəmiz Orta Dəhlizin əsas qovşağı kimi Çindən Qərbə doğru fokuslanan böyük iqtisadi-ticari potensialın axınları və tranzit daşımalarının strateji qovşağı kimi ötürücülük zəncirində öz imkanlarını daha artırır.
Bölgədəki böyük iqtisadi resursların, mal və xidmətlərin Avropaya çıxarılmasında və əmtəə zəncirinin genişlənməsində Azərbaycan tranzit və əlaqələndirici ölkə kimi strateji ölkədir, qitələr arasında bağlantını təmin edən geoiqtisadi əhəmiyyətə malik təchizatçıdır. Ona görə də “BRICS+” ölkələri də Azərbaycanla iqtisadi coğrafiyanı əlaqələndirməkdə maraqlıdır.
Rəsmi Bakı enerji təchizatçısı olmaqla yanaşı, həm də texnoloji tərəqqinin mənbəyi kimi qəbul edilir və rəqəmsal sənaye, yaşıl enerji təminatında və ixracında qlobal iştirakçı statusunu möhkəmləndirir.
Respublikamız müxtəlif coğrafi qütblər arasında iqlim üzrə əməkdaşlığa töhfə verir. Bu baxımdan BRICS alyansında təşəbbüskar və etimadlı ölkə kimi Azərbaycan qitələrarası əlaqələrin bağlantı və təmas xətlərindən birinə çevrilə bilər.
Beləliklə, Kazan Sammiti mövcud geoiqtisadi meyllər, qlobal iqtisadi fraqmentasiyalar fonunda Azərbaycanın BRICS alyansı ölkələri ilə etibarlı tərəfdaşlarından biri kimi layiqli yerini və nüfuzunu təsdiqlədi.
Kazan Sammiti çərçivəsində keçirilən rəsmi və qeyri-rəsmi görüşlər həm də Azərbaycanın Cənubi Qafqaz regionunda əsas söz sahibi və müstəqil siyasət aparan ölkə olduğunu bir daha nümayiş etdirdi.