YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həştərxanda birinci Xəzər Media Forumunun açılış mərasimi olub

Həştərxan Kremlində birinci Xəzər Media Forumunun açılış mərasimi olub. Mərasimdə beş Xəzəryanı ölkədən, o cümlədən Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistandan 200-dən çox nümayəndə iştirak edib.

Ölkəmizin nümayəndə heyətində İqtisadiyyat və Sənaye, Mədəniyyət və Turizm, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin nümayəndələri, habelə jurnalistlər təmsil olunub.

Açılış mərasimindən əvvəl Həştərxan vilayətinin potensialı və beynəlxalq əlaqələri haqqında filmlərin, “Xəzər paytaxtına səyahət” nəşriyyat media layihəsinin art-rezidensiyasının nümayiş-təqdimatı, habelə “Xəzəryanı ölkələrin qarşılıqlı tarixi əlaqələri və mədəni əməkdaşlığı N.K.Krupskaya adına Həştərxan vilayət elmi kitabxanasının raritetlərində” mövzusunda sərgi olub.

Plenar iclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi Nəsimi Məmmədov, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin, Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Aleksey Volin, İranın Mazandaran ostanının teleradio yayım şirkətinin baş direktoru Əli Sadiq Müqəddəsi, Qazaxıstanın “Vektor Kaspiya” jurnalının baş redaktoru Natalya Butırina, “Neytralnıy Türkmenistan” qəzetinin şöbə müdiri İrina İmamquliyeva və başqaları çıxış ediblər.

Belə tədbirlərin keçirilməsinin aktual olduğunu vurğulayan Həştərxan vilayətinin qubernatoru A.Jilkin media forumun iştirakçılarına fəaliyyət miqyasını genişləndirməyi və qarşılıqlı münasibətlərin yeni səviyyəsinə çıxmağı arzu edib. Ə.S.Müqəddəsinin fikrincə, media resursları narkotiklərin, qaçaqmalçılığın yayılmasına, habelə ekstremizmə, dini təlimlərin təhrif olunmasına qarşı mübarizəyə cəlb oluna bilər. N.Butırina Xəzəryanı dövlətlərin informasiya əməkdaşlığını nəzərdə tutan bu forumun brendləndirilməsi təklifini irəli sürüb. O bildirib ki, müxtəlif sahələrdə hadisələri daha səmərəli və konstruktiv işıqlandırmaq üçün Xəzəryanı regionda KİV üçün mediateka, foto və videobanklar yaradılmalıdır. İ.İmamquliyevanın fikrincə, iqtisadiyyat, ekologiya, neft hasilatı və turizm xəbər lentlərinin əsas mövzuları olmalıdır. İştirakçı ölkələrin KİV-ləri arasında əlaqələrin möhkəmlənməsi ölkələrimiz arasındakı münasibətlərdə stereotiplərin və qərəzli yanaşmaların çoxundan yaxa qurtarmağa kömək edərdi.

Sentyabrın 17-də “Media sahəsinin inkişaf perspektivləri: çağırışlar və imkanlar”, “Xəzərin tarixinə tarixi-dil ekskursu”, “RT fasiləsiz xəbərlər kanalında təcrübə mübadiləsinə dair proqramların hazırlanması” mövzularında sessiyalar da olub.